Dövlət Sərhəd Xidmətinin gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi yer tutan “Sərhəd” hərbi-idman oyunları uğurla başa çatmışdır. Bu ilki hərbi-idman oyunları ölkəmizin dünya idman tarixinə şanlı səhifələr yazdığı ərəfəyə təsadüf etmişdir. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük təntənə ilə keçirilməsi dövlətimizin siyasi-iqtisadi qüdrətinin növbəti ifadəsi, gənclərin sağlamlığına və idmanın inkişafına göstərilən böyük qayğının nəticəsidir.
Dövlət Sərhəd Xidməti rəisinin, Təhsil Nazirinin, Gənclər və İdman Nazirinin birgə qərarı əsasında üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyunlarında bu il 28 sərhədyanı rayonun 136 məktəbinin 680 şagirdi iştirak etmişdir. İlk iki mərhələdə yarışların qalibi olmuş 8 komanda– Ordubad rayonunun internat məktəbinin, Füzuli rayonunun Horadiz şəhər 1 nömrəli tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin, Lənkəran rayonunun Haftoni kənd orta məktəbinin, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin, Qəbələ rayonunun Abrıx kənd orta məktəbinin, Qax rayonunun Zəyəm kənd orta məktəbinin, Qazax rayonunun 1-ci Şıxlı kənd orta məktəbinin komandaları Lənkəran Sərhəd Dəstəsində keçirilən final mərhələsinə vəsiqə qazanmışlar.
İyun ayının 3-dən 11-dək keçirilən final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər.
Səkkiz gün ərzində iştirakçılar asudə vaxtlarında Astara şəhər tarix və diyarşünaslıq muzeyinə, Heydər Əliyev parkına ekskursiyalara aparılmış, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılmışlar. Astara rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivinin yarış iştirakçıları qarşısında konserti təşkil edilmişdir.
Toplanılan ümumi balların miqdarına görə Ordubad rayonunun internat məktəbinin “Dübəndi” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası ikinci, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin “Zeyxur” komandası isə üçüncü yeri tutmuşlar.
İyun ayının 11-də Lənkəran Sərhəd Dəstəsində oyunların yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışlar.
Tədbirdə qaliblər kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi