Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin qanunsuz yolla Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınmış,ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
Belə ki, 17 aprel 2015-ci il tarixdə səhər saat beş radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 1 kq 920 qram heroinin və 3 kq 260 qram marixuananın Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınmışdır.
Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanmışdır. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınmışlar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilmişdir, hazırda vəziyyəti stabildir.
17 aprel 2015-ci il tarixdə saat 00:20 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəki sərhəd zastavanın xidməti sahəsində həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları Məsrufi Xeyrulla Məhəmməd oğlu və Mahmudi Əsgər Yadulla oğlu küllü miqdarda narkotik maddə olan 710 qram marixuananı, 1 kq 990 qram tiryəki və 1 kq 10 qram həşişi Azərbaycan Respublikası ərazisinə keçirərkən yaxalanmışlar. Sərhəd pozucularının üzərinə baxış keçirərkən 3 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür.
Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada həyata keçirilən rejim tədbirləri çərçivəsində 19 aprel 2015-ci il tarixdə Cəlilabad rayonunun Dələli kəndinin ərazisində 1 ədəd bağlamada küllü miqdarda narkotik maddə olan 1 kq marixuana, 1 kq 500 qram tiryək və 1105 ədəd dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupların digər üzvüləri İmişli rayon Bəhrəmtəpə kənd sakini Abdullayev Bakir Həsən oğlu, Masallı rayon sakinləri Mansurov Vuqar Tapdıq oğlu və Əliyev Murad Hacıəli oğlu müəyyənləşdirilərək istintaqa cəlb olunmuşlar.
Qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 318-ci (dövlət sərhədini qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılmışdır. Saxlanılmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda həmin cinayət işləri üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi