+
-
13.03.2015
13.03.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr tarixli 27 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramının uğurlu icrası sayəsində Azərbaycan Respublikası nüfuzlu kosmik ölkələr klubunun üzvünə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində ölkəmiz MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilmişdir.

 Kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır.

13 mart 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunmuş və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.

Memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcəkdir. Memorandum çərçivəsində  Dövlət Sərhəd Xidməti Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulmuşdur.

 

                                                                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw