+
-
18.02.2015
18.02.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini general-leytenant Rəşad Sadiqov iştirak etmişdir.

Tədbir iştirakçıları öncə Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxış keçirmiş, hərbi hissədə yaradılmış xidməti şəraitlə tanış olmuşlar.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Dövlət Himni səsləndikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı cənab general-polkovnik E.Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.

Tədbirdə dövlət sərhədinin mühafizə məsələlərini daim ciddi nəzarətdə saxlayan, müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş Komandan tərəfindən regionumuzda bənzəri olmayan yeni bazanın istifadəyə verilməsi ölkəmizin dəniz sərhədlərinin mühafizəsini yeni mərhələyə qaldırmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində yüksək nailiyyətlər əldə olunduğu vurğulanmışdır.

Xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw