+
-
03.02.2015
03.02.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri sayəsində növbəti mütəşəkkil dəstə ifşa edilərək külli miqdarda narkotik vasitələrin qanunsuz yolla İran İslam Respub­lika­sından Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, 30 dekabr 2014-cü il tarixdə Biləsuvar rayonunun Əmənkənd kəndi­nin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şəxsiyyətləri istintaqa məlum olmayan Cəlili Ramin və Hafiz adlı İran İslam Respublikası vətəndaşlarının təşkilatçılığı ilə İran İslam Respub­likasının vətəndaşları İrəc Xudayi, Ramin Məsərrəd, Həsən Təqizadə adlı şəxslər küllü miqdarda narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə keçirərkən, onları qarşılamağa gəlmiş Ağcabədi rayon sakinləri İsmayılov Elşən Şükür oğlu və Bayra­mov Novruz Vidadi oğlu ilə birgə ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışlar.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən onlardan bir bağlamada 7 kq 700 qram qurudulmuş marixuana, 1 ədəd gecə görmə cihazı, 1 ədəd bıçaq və 3 ədəd mobil telefon aşkar olunaraq götürülmüş­dür.

Mütəşəkkil dəstənin digər üzvlərini ifşa etmək məqsədi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Nuruyev Xəqani Mehman oğlu, Sabirabad rayonunun Qarağac kənd sakinləri Hüseynov Rövşən Əmrah oğlu və Ağayev Pərviz Aydın oğlunun olduqları yer müəyyən edilərək istintaqa cəlb olunmuşlar.

Faktla bağlı  Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 318-ci (dövlət sərhədini qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılmışdır.

Saxlanılmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliy­yətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw