Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri- qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılmış, onların 10 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Türkiyə , 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri Ukrayna vətəndaşı olmuşdur.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 10 nəfər, Xəzər dənizində 19 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Oktyabr ayının 5-də Biləsuvar rayon Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində “BYD” markalı Az 99-FT-854 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Kürdəmir rayon sakinləri 08.09.1967-ci il təvəllüdlü Əsgərov Hafiz Ələsgər oğlu və 25.03.1987-ci il təvəllüdlü Rəhimov İxtiyar Məhəmmədhüseyn oğlu ərazidə əvvəlcədən gizlədilmiş 4 kiloqram 800 qram tiryəki götürərkən saxlanılmışdır.
Oktyabr ayının 18-də Yardımlı rayon sakini 15.05.1979-cu il təvəllüdlü Ələkbərov Cahid Mətləb oğlu “Masallı-Yardımlı” magistral yolunun Arus kəndi ərazisindən keçən hissəsində su borusunun yanında plastik qabda gizlədilmiş 2 kiloqram 300 qram tiryəyi, Lənkəran şəhər sakini 19.02.1985-ci il təvəllüdlü Hüseynov Rövşən Məzahir oğlu isə “Ələt-Astara” magistral yolunun 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində yolun kənarında ağaclıqda gizlədilmiş 2 kiloqram tiryək, 470 qram heroini götürərkən saxlanılmışlar.
Oktyabr ayının 28-də Füzuli Füzuli rayon Böyük-Bəhmənli kənd ərazisindəki zastavanın xidməti sahəsində Aşağı Yağlıvənd kənd ərazisində dəmir yolu keçidinin ətrafında “Niva” markalı Az 99-AC-414 dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini 27.12.1976-cı il təvəllüdlü Orucov Ceyhun Telman oğlu, Bakı şəhər sakinləri 19.12.1978-ci il təvəllüdlü Mirzəyev Qədir Səftər oğlu və 19.01.1980-ci il təvəllüdlü Əliyev Rasim Əbülfət oğlu saxlanılmışlar.Baxış keçirilərkən onların üzərindən 2 kiloqram 460 qram qurudulmuş marixuana və 2 ədəd 0,5 litrlik plastik qabda “Metadon” məhlulu aşkarlanmışdır.
Sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasına keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 2 halda “Biləsuvar” SNM-də 1 kiloqram 2 qram, 4 halda “Astara” SNM-də 161 qram, 1 halda isə “Şıxlı” SNM-də 4 qram narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7,775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |