+
-
08.11.2014
08.11.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü il 07 noyabr tarixində Ağstafa rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi – Şəmkir sərhəd dəstəsinin “Ağgöl” sərhəd komendantlığı və təlim mərkəzi xidməti-döyüş fəaliyyətinə başlamışdır.

Hərbi  hissənin xidməti döyüş fəaliyyətinə başlaması münasibətilə 4-6 noyabr tarixlərində xidməti ərazidə “Azərbaycan Respublikasının ərazisinə düşmənin terror-təxribat qruplarının hücumlarının qarşısının alınması və məhv edilməsi” mövzusunda DSX – nin çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnikanın, artilleriya və zenit-raket komplekslərinin iştirakı ilə döyüş atışlı taktiki təlimlər keçirilmişdir.

Təlimlər zamanı sərhəd dəstəsinin, sərhəd komendantlığının, sərhəd zastavasının və çevik hərəkət bölmələrinin şəxsi heyəti tərəfindən xüsusi xidmət şəraitinə keçirilməklə şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilmişdir. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti düşmənin canlı qüvvəsi və zirehli texnikası DSX aviasiya dəstəsinin döyüş helikopterlərinin atəşi ilə uzaq məsafədən məhv edilmişdir.Şərti düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu hərbi-desant helikopterlərindən endirilmiş çevik bölmələrin heyəti  tərəfindən zərərsizləşdirildikdən sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilmişdir.Təlimlər prosesində zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffə­qiy­yətlə keçirilmiş, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmişdir.Bütün təlim tapşırıqları müvəffəqiyyətlə icra olunduqdan sonra general-polkovnik Elçin Quliyev şəxsi heyəti təbrik etmiş, taktiki təlimlərin Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir tağşırığını şərəflə icra etməyə daima hazır olmalarını nümayiş etdirməsini xüsusi qeyd etmişdir.

Hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasına həsr olunmuş təntənəli mərasimdə hərbi hissə komandiri polkovnik S.Cəfərov sərhəd dəstəsinin xidməti döyüş fəaliyyəti haqqında məruzə etmişdir. Bundan sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev hərbi hissədə aparılmış tikinti quruculuq işlərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  bilavasitə tapşırığı əsasında həyata keçirilməsini və sərhəd mühafizəsi infrastrukturunun gücləndirilməsi məsələlərinə ali diqqətin növbəti ifadəsi olmasını vurğulamışdır.

Mərasimdə taktiki təlimlər zamanı fərqlənmiş hərbi qulluqçular təltifləndirilmiş, şəxsi heyətə medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev yeni hərbi hissənin qərargah binasına, tibb məntəqəsinə, əsgər kazarmasına və yeməkxanasına, hamam-camaşırxana kompleksinə və anbarlara, avtomobil park kompleksinə, silah və texnikaya baxış keçirmiş,  zabit-gizirlər üçün yaradılmış xidməti və mənzil şəraiti ilə tanış olmuşdur. Bütün xidməti otaqlar və mənzillər zəruri mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin olunmuşdur.

Ümumi ərazisi 12.8 ha, tikinti sahəsi 8.7 ha olan hərbi hissədə 16 ədəd bina, o cümlədən 56 xidməti mənzil, qərargah binası, 300 nəfərlik əsgər kazarması, yeməkxana, hamam-camaşırxana kompleksi, təminat anbarları, tibb məntəqəsi, texniki  binalar, idman şəhərciyi, futbol və mini futbol meydançaları, 300 m3  - lik içməli su anbarı və 200 m3-lik yanğınaqarşı su anbarı inşa olunmuşdur.

Hərbi hissə ilə tanışlıqdan sonra şəxsi heyətlə birgə nahar edilmişdir.

 

                                                 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw