+
-
26.10.2022
26.10.2022, 10:50 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

24-25 oktyabr tarixlərində Azərbaycan Respublikası “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin bir qrup heyəti və Bakı şəhəri 171 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət etmişlər.

Tədbirdə muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıra­vi vətəndaşların repressiyaya məruz qalması barədə ziyarətçilərə geniş məlumat verilmişdir. 1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəraət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqilliq illərində - 15 mart 1996-cı il tarixdə Dahi Öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hüquqi qiymət verilməsi xüsusi qeyd edilmişdir.

Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılmasının mahiyyəti və vacibliyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verildikdən sonra, ziyarətçilərə binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri göstərilmişdir.

Ziyarətçilərə muzeyin yaradılmasında əsas məqsədin repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin ətraflı məlumatlandırılmasının vacib olduğu vurğulanmışdır.

Tədbir iştirakçılarına Hüseyn Cavidin 140 illik yübileyinə həsr olunmuş video çarx nümayiş edilmişdir.

Keçirilmiş təbdirin sonunda ziyarətçilər, tarixi faktları özündə əks etdirən “Siyasi repressiya qurbanları muzeyi”ndə çox təsirləndiklərini qeyd edərək ötən əsrdə xalqımızın xüsusilə ziyalı təbəqəsinin işgəncələrə və “qırmızı terror”a məruz qalmaları barədə geniş məlumat əldə etdiklərini bildirmişlər.

 

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw