+
-
03.10.2022
03.10.2022, 14:05 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

29 Sentyabr - 2 Oktyabr 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərində artıq dördüncü dəfə təşkil olunan “Dünya Göçebe Oyunları” Festivalı keçirilib.

Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya, Italiya, Slovakiya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil etmişdir.

Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvətimiz sayılan, ecazkar gözəlliyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində festivalın açılış günündə təmsilçilərimizin nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərəfindən böyük heyranlıq və alqışlarla qarşılanıb.

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 20-dən artıq ənənəvi idman növü üzrə yarışlar keçirilmişdir.

4 gün ərzində davam edən tədbirlərdə bir milyondan artıq insanın iştirakı qeydə alınmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw