+
-
18.08.2022
18.08.2022, 18:50 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi zəfərin­dən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizə­sinin 103 illik tarixinin şan­lı səhifələrini ən yüksək əhval-ruhiyyə, Azər­baycan dövlət­çiliyinə xid­mət­dən irəli gə­lən qürur hissi ilə qarşılayırlar.  

Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xati­rəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilmişdir. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütöv­­­lüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyul­muş­dur.

Sonra Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində Azərbaycan Sər­həd Müha­fizə­si­nin 103-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan təd­birdə Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edə­rək Azərbaycanın Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik etmişdir.

Çıxışda dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən bö­yük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, ildırımsürətli hücumla düş­mənə sarsıdıcı zərbələr endirmələri, yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad olunma­sında qəhrəmanlıq və igidlik salnamaləri yazmaları, müharibə aparma təcrübəsində müasir texnologiyaları tətbiq etməklə ölkəmizin hərb tarixinə yeniliklər gətirmələri vurğulanmışdır.

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkə­mizin Ermə­nistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı cənab İlham Əliyevin  tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinin sürətlə davam etdirildiyi, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradıldığı, sərhəd döyüş məntəqələrinin fəaliyyətə başladığı, müvafiq sahələrdə sərhəd nəzarəti işinin təşkilinə başlanıldığı bildirilmişdir.

General-polkovnik E.Quliyev dövlət sərhədinin toxunul­mazlığının təmin edil­məsi kimi müqəddəs vəzi­fə ilə fəxr edən, üçrəngli dövlət bayrağımız altında milli ma­raqlarımızı ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələ­cəklərinə inamla baxdıqlarını, bu inamın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrdən qaynaqlandığını vurğu­lamışdır.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin 17 avqust tarixli Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rüt­bələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilmişlər. 

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xid­mətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin əlamətdar gün münasibətilə hazırladıqları bayram konsertini izləmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw