+
-
27.07.2022
27.07.2022, 14:07 - Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır.

Saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilmişdir. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə “maruxuana”ya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülmüşdür.

Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw