+
-
04.07.2022
04.07.2022, 16:30 - Dövlət Sərhəd Xidmətinin Mərbuat Mərkəzinin Məlumatı

İyul ayının 4-də Dövlət Sərhəd Xidməti Akademiyasının magistratura pilləsini bitirmiş məzunların birinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş və abidəsi önünə gül dəstələri düzmüşlər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Daha sonra magistratura pilləsini bitirmiş zabitlərə diplom və döş nişanları təqdim edilmiş, məzunlardan 4 nəfəri daha yüksək nəticə göstərdiyinə görə “Fərqlənmə diplom”una layiq görülmüşlər.

Məzunlar adından çıxış edən polkovnik-leytenant Fikrət Allahverdiyev Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsili alan ilk zabitləri olmaları ilə fəxr etdiklərini, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət bayrağımızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə etmiş və sərhədçi peşəsi­nin sirrlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirmişdir.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev məzunları Dövlət Sərhəd Xidməti Akademiyasında ilk dəfə 2020-ci ildə yaradılmış magistratura təhsillərini müvvəfəqqiyətlə başa vurmaları münasibəti ilə təbrik etmiş, təhsil müddətində qazandıqları bilik və bacarıqlarını ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə xüsusi töhvə verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəh­bərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanmış, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması qeyd edilmişdir.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı xüsusi olaraq vurğulanmışdır.

Mərasim başa çatdıqdan sonra məzunlar ilə xatirə fotoşəkli çəkdirilmişdir.

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw