15.06.2022, 10:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 15 iyun - “Milli Qurtuluş günü”nün 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir.

Tədbirlər zamanı hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrin Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş, büstü önünə gül dəstələri qoymuşlar.

İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin aparatında təşkil edilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Milli Qurtuluş Günü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Keçirilən tədbirdə 1993-cü il iyun ayının 15-də müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində ölkənin bütün sahələrində tərəqqi və dirçəlişə səbəb olması, zəmanəmizin dahi şəxsiyyətinin xilaskarlıq missiyasını yerinə yetirərək ölkəni vətəndaş müharibəsindən qurtarması barədə ətraflı məlumat verilmiş, məhz Ulu Öndərin qətiyyətli addımları nəticəsində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıldığını qеyd еdilmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sərhəd mühafizə sisteminin formalaşması və inkişafındakı xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, dövlət sərhədlərimizin işğaldan azad edildiyi, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük fəxarətlə vurğulanmışdır.

Tədbirin sonunda Azərtbaycan xalqının Milli Qurtuluş gününə həsr edilmiş “Azərbaycan uğrunda” sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80