+
-
17.05.2022
17.05.2022, 16:43 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 17-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar arasında estafet yarışı keçirilmişdir.  

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyən­ləşdirdiyi milli sərhəd strategi­yasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizə­sinin ən müasir tələblər səviyyəsinə yüksəl­məsi vurğulanmışdır.

Çıxışda 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Xüsusi Məktəbin Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər və peşəkar kadrların yetişdirilməsində  əhəmiyyətli rolu qeyd olunmuşdur.

Məktəbin kursantları arasında bu kimi yarışların təşkilinin dövlət sərhədlərimizin gələcək müdafiəçilərinin hərbi vətənpərvər, fiziki cəhətdən sağlam, hərtərəfli hazırlıqlı formalaşmalarına xidmət etməsi bildirilmişdir.

7 mərhələdən ibarət keçirilmiş yarışda məktəbin 7 və 8-ci sinif­lərinin kursantları qaçış, tullanma, uzanmış vəziyyətdə gövdənin qaldırıl­ması, uzanaraq dayaqda qolların bükülüb-açılması, maneələrin dəf edilməsi üzrə idman hərəkətlərini yerinə yetirmişlər.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Xəzər rayon İdarəsinin kollektivi iştirak etmiş, Xəzər rayon “Mədəniyyət evinin” özfəaliyyət dərnəyinin üzvləri musiqi nömrələri ilə  çıxış etmişlər.

Tədbirin sonunda estafet yarışının qalibləri medal və diplomlarla təltiflən­dirilmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw