+
-
10.05.2022
10.05.2022, 16:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzmüşlər. Sonra görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarı üzərinə çiçəklər düzülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Aparatında davam edən tədbirin iştirakçıları əvvəlcə “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəz”ində Dahi Öndərin büstü önünə gül çələngi qoymuş, Ümummilli Liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiyaya baxış keçirmişlər.

Tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edilmiş, ölkəmizin ən yeni tarixinin bütöv bir dövrünün Ümummilli Liderin adı ilə bağlı olduğu, onun rəhbərliyi dövründə Azərbaycanın əsrə bərabər intibah, milli tərəqqi, inkişaf yolu keçdiyi qürurla vurğulanmışdır.

Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası amalları ətrafında xalqın birləşdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlən­məsi qeyd olunmuş, hələ sovetlər dönəmində təməlini qoyduğu milli sərhəd mühafizəsi strategiyasının inkişafı sahəsindəki xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır.

Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyası və ideyalarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindənuğurla davam etdirildiyi, inamlı, dinamik və dayanıqlı tərəqqisi ilə Azərbaycanın çağdaş dünyada yeni inkişaf modelinə çevrildiyi vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində Tarixi Zəfərin qazanıldığı,  torpaqlarımızın işğaldan azad olunduğu vurğulanmış, “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır” deyən Ümummilli Lider Heydər Əliyevin dühasının təntənəsi iftixarla qeyd olunmuşdur.

Tədbirin sonunda Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Azərbaycanın memarı” sənədli filmi nümayiş etdirilmişdir.  

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw