May ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının 11-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
Dövlət Bayrağı Meydanında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.
Diplomlar təqdim olunduqdan sonra məzunlar adından çıxış edən leytenant Ramal Əsədov Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirmişdir. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev çıxış edərək tədbir iştirakçılarını təbrik etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik etmiş, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini xüsusi vurğulamışdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu və uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd mühafizəsinin inkişafı strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyi vurğulanmış, DSX Akademiyasının artıq 11-ci buraxılışının məzunlarının ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə başlayacaqları qeyd olunmuşdur.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları vurğulanmış, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi qeyd edilmişdir. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd edilmişdir.
Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son bir il ərzində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlaması barədə məlumat verilmiş, dövlət sərhədlərimizin mühafizəsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunmuşdur.
Mərasim başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik etmiş, sonra gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi