19.03.2022, 09:16 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Martın 18-də Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzində xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz Bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları öncə Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.   

Sonra “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilmişdir.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, “NUR” vokal-instrumental ansamblının solistləri Azərbaycan və əcnəbi bəstəkarların musiqi əsərlərini, xalq mahnılarını ifa etmiş, mədəniyyət mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət maraqlı reper­tuarla çıxış etmişdir.

Bayram tədbirində Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edərək baharın gəlişini, ana təbiətin oyanışını təcəssüm edən, xalqımızın minilliklər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik etmiş, onlara хidmətlərində və şəхsi həyatlarında yeni-yeni uğurlar arzulamışdır.

Çıxışda Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında bütövləşmiş yurdumuzun hər guşəsinə şanlı Qələbəmizin əbədi bahar gətirdiyi, xalqımızın bu əziz bayramı Zəfər ovqatı ilə qeyd etdiyi vurğulanmışdır.

Ölkəmizin bütün ərazisində suveren hüquqlarımızın bərpa edildiyi, qalib dövlətə çevrildiyimiz müqəddəs haqq savaşında Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşı­sın­da  qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, bu gün Azərbaycan sərhədçilərinin azad edilmiş torpaqlarımızda dövlət sərhədlərimizin keşiyində mətin dayandığı və bundan sonra da milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəkləri qeyd olunmuşdur. 

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Sərhədçi” Mədəniyyət mərkəzinin yaradıcı kol­lek­tivi ilə görüşmüş, onlara fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulamışdır. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80