+
-
22.11.2021
22.11.2021, 10:41 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzmüşlər.

Dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Vətən Müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ­Müzəf­fər Ali Baş Komandanlığı altında torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirmişdir.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əmə­liyyatlarda Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət nü­mu­nə­ləri göstər­mələri qeyd edilmiş, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat veril­miş­dir.

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildirmişlər.

Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhə­rində və Zəngilanın Ağbənd qəsəbə­sin­də Dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə “Bartaz” və “Şükü­rataz” strateji yüksək­liklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanmışdır.

Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların  göstərdikləri igidlik və fədakarlıqlarından danışılmış, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanmışdır.

Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənənələrini layiqlə davam edəcəklərinə əminlik bildirmişlər. 

Xüsusi Məktəbdə keçirilmiş tədbirdə kursantlar tərəfindən Vətən mühari­bəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Sonda Vətən Müharibəsi Qəhrəmanları Dövlət Sərhəd Xidmətinin Akademiyası və Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw