+
-
20.11.2021
20.11.2021, 10:59 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq noyabr ayının 19-da DSX-nın Sərhəd Nəzarətində ”Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzu­sunda seminar keçirilmişdir.

Seminarda iştirak edən hərbi qulluqçular və dəvət olunmuş qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstəsi düzmüşlər.

Dövlət himninin səsləndirilməsindən sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətəninə məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyələndirilməsi, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlər çərçivə­sində bu fəaliyyətlərin əhəmiyyətini vurğulamış, DQİDK-nın mütəmadi olaraq müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, o cümlədən Silahlı Qüvvələrin birləşmə­lərində maarifləndirici tədbirlərin keçirildiyini bildirmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respubli­kasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkəmizin 20 faiz ərazisinin işğalına son qoyulduğunu qeyd etmiş, Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan sərhədçilərinin döyüş rəşadətini vurğulamışlar.

Seminarda dini radikallıq meyilləri, ölkəmizin tolerantlıq siyasətinə təhlükə yarada bilən təmayüllərlə mübarizədə hər bir vətəndaşın  həssaslıq göstərməsinin vacibliyi qeyd olunmuşdur.

Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw