Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində 5 noyabr tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında futzal və stolüstü tennis üzrə yarışların final oyunları keçirilmişdir.
Tədbirin açılışında Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd olunduğu, müqəddəs savaşda şücaətlə döyüşmüş, qəhrəmanlıq nümunələri göstərmiş sərhədçilərin bu şanlı Zəfər gününü yüksək coşqu ilə qarşıladıqları vurğulanmışdır.
Çıxışda sərhədçilərin ölkəmizin adını hər zaman beynəlxalq idman tədbirlərində, mötəbər yarışlarda zirvələrə ucaltdıqları qeyd olunmuş, hazırkı tədbirin sərhəd mühafizə strukturları arasında ilk Zəfər yarışı kimi əlamətdar olması vurğulanmışdır.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Mansurov, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti polkovnik-leytenant Firdovsi Umudov çıxış edərək final mərhələsinə çıxmış bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulamışlar.
Sonra komandalar arasında futzal və stolüstü tennis oyunlarının final mərhələsinə start verilmişdir. Futzal üzrə 8 komanda arasında finala yüksəlmiş komandaların maraqlı və həyəcanlı mübarizəsinin qalibi “Çevikçilər”, II yerin sahibi “Vətən” komandası olmuş, III yeri “Şahinlər” komandası tutmuşdur. Qadınlar arasında stolüstü tennis üzrə final yarışmasının nəticəsinə görə I yerə baş miçman Günay Kərimova, II yerə kapitan Rəna Mehdiyeva, III yerə kapitan Ülkər Nəzirova çıxmışdır.
Tədbirin sonunda mükafatlandırılma mərasimi keçirilmiş, həmçinin ən yaxşı hakim, oyunçu və qapıçı nominasiyasında qaliblər təltifləndirilmiş, komandalar ilə xatirə fotoşəkilləri çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi