+
-
04.11.2021
04.11.2021, 16:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.  

Vətən müharibəsi qəhrəmanları şəhid baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir Novruzov Amin Tacəddin oğlunun boya-başa çatdıqları rayonlarda təşkil edilmişanım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon rəhbərliyi vəictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül çələngi qoymuşlar.

Anım tədbirinə qatılanlar Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin Allahyarovun Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyi, Hadrut qəsəbəsinin azad olunmasında xüsusi ilə fərqləndiyi, Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir.   

Baş gizirŞahin Allahyarovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanmışdır.

Şəhid kiçik gizir Amin Novruzovun anım mərasimində onun Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdiyi, Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi döyüşlərində şücaətlə vuruşduğu qeyd olunmuşdur. Düşmənin əks-hücumunun qarşısını alarkən ağır güllə yarası alan Amin “ ..düşünməyin ki, mən ölümdən qorxuram, yox, əgər sağ qalsam yenidən bu vətən üçün döyüşməyə gələcəm, yox əgər şəhid olsam Vətən sağ olsun” deyərək əbədiyyətə qovuşduğu vurğulanmışdır.

Kiçik gizir Novruzov Amin Tacəddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanmışdır.

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi, onların qoyduğu qəhrəmanlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulacağı qeyd olunmuşdur.

Tədbirlərdə şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw