+
-
19.10.2021
19.10.2021, 14:01 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaq­larımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilmişdir.

Şəhid mayor Əliyev Malik Təvəkkül oğlu, baş leytenant Əzizov Elçin Əvəz oğlu, kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu, kiçik gizir Mustafayev Əkbər Natiq oğlu, kiçik gizir Məmmədov Əli Zeynal oğlu, gizir Əliyev Vüsal Məhəmmədəli oğlu, kiçik gizir Quliyev Fərid Ayazxan oğlu və kiçik gizir Abasov Davud Yalçın oğlunun anım məra­sim­lərində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti,ictimaiyyət nümayən­dələri iştirak etmiş, şəhidlərin məzarlarını ziyarət edib, gül çələngi qoy­muşlar.

Mərasimlərə qatılanlar ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhidlərimizin qəhrəmanlığı, döyüş meydanında düşməni diz çökdürən şücaəti və fədakarlıqlarından danışmışlar.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın müqəddəs savaşında bizlərə qalibiyyət sevinci yaşatmış şəhidləri­mizin əziz xatirə­sinin hər zaman minnətdarlıqla anılacağı, onların tariximizə yazdığı qəhrəmanlıq salnaməsinin gələcək nəsillər üçün örnək olacağı qeyd edilmiş, qəhrəman oğullar böyütdüklərinə görə  şəhidlərin valideyn­lərinə minnətdarlıq ifadə olunmuşdur.  

Döyüş meydanında intiqamlarının alındığı, şəhidlərimizin qanlarının  yerdə qalmadığı, Vətən qarşısındakı xidmət­lərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, onların adlarının əbədiləşdirildiyi, göstərdikləri şücaətlərə görə ölkə başçısının müvafiq fərman və sərən­camları ilə xüsusi orden, medal və fəxri adlarla təltif olunduqları qeyd edilmişdir.

Şəhidlərin ailə üzvləri torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnət­darlıq ifadə etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw