+
-
14.06.2021
14.06.2021, 10:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən Müharibəsi şəhidlərinin  xatirələrinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial təminatı məsələləri Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir.  

Bu fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularının anılması, onların ailələrinin qayğı ilə əhatə olunması məsələləri daim diqqətdə saxlanılır.  

Cari ilin 10, 11 və 12 iyun tarixlərində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən şəhid hərbi qulluqçular - kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu, kiçik gizir Bağırlı Mirsədi Mircəfər oğlu və əsgər Hüseynov Vüsal Yahya oğlunun doğum günləri münasibətilə Lənkəran, Lerik və Tərtər rayonlarında məzarları ziyarət olunmuş, ailələrinə baş çəkilmişdir.  

Torpaqlarımızın erməni işğalından azad edilməsində həyatını itirərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin borcu olması vurğulanmış, şəhidlərimizin döyüş yolları, göstərdikləri şücaətləri barəsində danışılmışdır.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, doğum günlərində onların anılması, ailələrinin ziyarət edilməsinin dövlətimizin şəhidlərə olan ehtiramının bariz nümunəsi olduğunu bildirmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw