+
-
12.03.2021
12.03.2021, 18:06 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşının tarixi zəfərlə başa çatması sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, ölkə ərazisi, o cümlədən də Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.

Mart ayının 12-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlamışdır.

Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev yeni hərbi hissənin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi  heyətə çatdırmışdır.

Çıxışda Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi suverenliyinin bərpa olunduğu,   milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km sahəsinin işğalına son qoyulduğu, Vətən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı vurğulanmışdır.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələrin tam səfərbər edilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirak etməsi, Azərbaycan sərhədçilərinin rəşadət dastanı yazmaları xüsusi qeyd olunmuşdur.

Döyüş əməliyyatlarının ilk günündən başlayaraq  Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə dağıdıcı zərbələr endirilərək Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız sancılmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilmişlər.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi döyüş fəndi kimi tətbiqi, Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar istifadəsi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksləri, raket sistemləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.

Hazırkı tədbirin baş tutduğu ərazilərdə DSX bölmələri tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən çoxsaylı silah-sursatının qənimət kimi götürülməsi, noyabr ayının 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətimizə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçilərimiz tərəfindən atıcı silahlarla məhv ediməsi və bu kimi digər hərbi uğurlar Vətən Müharibəsi tarixinin önəmli hadisələrindən olması vurğulanmışdır.

Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhəd­çi­sinin müqəddəs torpaqları­mızın azad olunmasında iştirakından, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmasından böyük şərəf və qürur duyması bildirilmişdir.

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olan yeni hərbi hissənin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmiş, hər zaman dövlət maraqlarının keşiyində duran Azərbaycan sərhəd­çi­sinin ölkəmizin müqəddəs hüdudlarını qorumaq kimi şərəfli missiyanın öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilmişdir.

Sonra mərasim iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılmış şəraitlə, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələrinə baxış keçirmişlər.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw