+
-
22.11.2013
22.11.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinə ağır itki üz vermişdir. Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi general-mayor Abbasquliyev Məhəmməd Abbasqulu oğlu 2013-cü il noyabr ayının 22-də 48 yaşında vəfat etmişdir.

Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonu, Kəlboruc Dizə kəndində anadan olmuşdur. O, 1982-ci ildə Qara-qala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və Rabitə Qoşunları Məktəbinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirdikdən sonra 1993-cü ilədək Sovet Ordusu sıralarında müxtəlif zabit vəzifələrində xidmət etmişdir.

1994-cü ildən 2001-ci ilədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrdə çalışmış, 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 06.04.2004-cü il tarixdə DSX-nın Naxçıvan sərhəd diviziyasının komandiri vəzifəsinə, 16.01.2008-ci il tarixdə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə, 18.08.2008-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilmişdir.

General-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq özünü daima səriştəli və bacarıqlı hərbiçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıtmışdır. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, Dövlət Sərhəd Xidmətində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuşdur.

General-mayor Məhəmməd Abbasquliyevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlər, Azərbaycan Respublikasının və xarici dövlətlərin 12 medalı ilə təltif edilmişdir.

General-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Dəfn mərasimi 23.11.2013-cü il tarixdə saat 11:00-da 2-ci Fəxri Xiyabanda keçiriləcəkdir.  

f tw