Azərbaycan Respublikasının qanunları / Sərhəd qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu IV Fəsil. Sərhəd qoşunları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti
Maddə 33. Sərhəd qoşunları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti

Sərhəd qoşunları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 34. Sərhəd qoşunları hərbi qulluqçularının, fəhlə və qulluqçularının hüquqi vəziyyəti

Dövlət sərhədinin bilavasitə mühafizəsi ilə əlaqədar vəzifələri yerinə yetirərkən sərhəd qoşunlarının hərbi qulluqçuları hakimiyyət nümayəndələri hesab edilirlər.Onların qanuni tələblərinin icrası vətəndaşlar və vəzifəli şəxslər üçün məcburidir. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa heç kim onların fəaliyyətinə qarışa bilməz. Sərhəd qoşunlarının hərbi qulluqçuları müstəqil olaraq öz səlahiyyətləri daxilində qərarlar qəbul edir və qanunla onlara verilmiş hüquqları həyata keçirirlər.

Dövlət sərhədində bilavasitə xidmət keçən sərhəd qoşunları hərbi qulluqçularının və onları ailə üzvlərinin şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrində onların xidmət və yaşayış yerləri barəsində məlumat dərc olunması qadağan edilir.

Sərhəd qoşunlarının fəhlə və qulluqçuları həmkarlar ittifaqlarını yaratmaq hüququna malikdirlər.

Sərhəd qoşunlarında siyasi məqsədlər daşıyan təşkilatların fəaliyyəti, onların strukturlarının yaradılması, habelə tətillər təşkil edilməsi və keçirilməsi qadağandır.

Maddə 35. Sərhəd qoşunlarının hərbi qulluqçularının telefonla təmin edilməsi

Sərhəd qoşunlarının zabitləri, gizirləri (miçmanları) mənzillərinə növbədənkənar telefon çəkilməsi hüququna malikdirlər.

Maddə 36. Sərhəd qoşunlarının hərbi qulluqçuları, fəhlələri və qulluqçuları üçün əlavə güzəştlərin və kompensasiyaların müəyyən edilməsi

Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanlarınınvə sərhəd qoşunları komandanının qərarları ilə sərhəd qoşunlarının hərbi qulluqçuları, fəhlələri və qulluqçuları üçün onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd qoşunlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla bu Qanunla nəzərdə tutulan güzəştlərdən başqa digər güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.

Sərhəd qoşunlarının müxtəlif əsaslara görə bu və digər güzəşt və kompensasiya hüququna malik olan hərbi qulluqçuları, fəhlələri və qulluqçuları öz arzularına görə yalnız əsaslardan biri üzrə güzəşt və kompensasiya hüququndan istifadə edə bilər.