Azərbaycan Respublikasının qanunları / Azərbaycan Respublikasının dövlət sərhədi haqqında / V Fəsil. Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasında Azərbaycan Respublikası dövlət orqanlarının, ictimai təşkilatlarının və vətəndaşlarının iştirakı

Maddə 38. Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasında dövlət orqanlarının, ictimai təşkilatların və vətəndaşların iştirakı

Dövlət orqanları, ictimai təşkilatlar, vəzifəli şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasında sərhəd qoşunlarına hərtərəfli kömək göstərməlidirlər.

Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası vətəndaşlarının fəal iştirakı ilə qorunur. Dövlət orqanları və ictimai təşkilatlar Azərbaycan Respublikasının dövlət sərhədinin qorunmasına Azərbaycan Respublikası vətəndaşlarının könüllülük əsasında cəlb olunmasında sərhəd qoşunlarına kömək edirlər.

Maddə 39. Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasını təmin etməklə əlaqədar dövlət orqanlarının, ictimai təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların vəzifələri

Dövlət orqanları, ictimai təşkilatlar vəzifəli şəxslər, habelə vətəndaşlar Azərbaycan Respublikasının dövlət sərhədi rejiminə əməl etməli, sərhədboyu rejimin və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimin tələblərini yerinə yetirməlidirlər.

Dövlət orqanları, ictimai təşkilatlar və vəzifəli şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasının hərbi siyasi və iqtisadi əhəmiyyətini vətəndaşlara izah etmək, sərhədboyu zonada, sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədinə və ya Xəzər dənizinin sərhəd qoşunları tərəfindən qorunan sahilboyuna bitişik ərazidə, habelə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində mütəşəkkilliyi və qaydanı qorumaq sahəsində daim iş aparmalıdırlar.