Azərbaycan Respublikasının qanunları / Azərbaycan Respublikasının dövlət sərhədi haqqında / IV Fəsil. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması

Maddə 27. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin olunması

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına; dövlət sərhədi rejiminə, sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrindəki rejimə əməl olunmasına; dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati, mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi, hərbi, əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.

Azərbaycan Respublikası dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və digər sututarlarda mühafizə olunması sərhəd qoşunlarına, havada mühafizə olunması isə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur. Sərhəd qoşunları, hava hücumundan müdafiə və hərbi hava qüvvələri Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən bu Qanunu, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini rəhbər tuturlar.

Maddə 28. Sərhəd qarovulunun əsas vəzifələri və hüquqları

Azərbaycan Respublikasının dövlət sərhədinin qorunması sahəsində sərhəd qoşunlarının vəzifələri və hüquqları «Sərhəd qoşunları haqqında » Azərbaycan Respublikası Qanunu ilə, bu Qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 30. Xarici qeyri-hərbi gəmilər və Azərbaycan Respublikasına məxsus qeyri-hərbi gəmilər barəsində sərhəd qarovulunun əsas hüquqları

Azərbaycan Respublikasının ərazi və daxili sularında Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən sərhəd qoşunlarının xarici qeyri-hərbi gəmilər və Azərbaycan Respublikasına məxsus qeyri-hərbi gəmilər barəsində aşağıdakı hüquqları var:

1) milli bayraq qaldırılmadıqda onu göstərməyi gəmiyə təklif etmək; gəminin Azərbaycan Respublikası sularına girməsinin məqsədləri haqqında sorğu aparmaq;

2) gəmi üzmək üçün bağlı rayona üz tutduqda yolu dəyişdirməyi gəmiyə təklif etmək;

3) gəmi sorğu siqnallarına cavab vermədikdə, üzmək üçün bağlı rayonda olduqda, Azərbaycan Respublikasının sularına girməyin, bu sularda üzməyin və olmağın başqa qaydalarını pozduqda, habelə Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini və ya hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsiplərini və normalarını pozaraq ovla və ya başqa fəaliyyətlə məşğul olduqda gəmini dayandırmaq və yoxlamaq;

Gəminin yoxlanılmasına gəmi və naviqasiya sənədlərinin, heyət üzvlərinin və sərnişinlərin sənədlərinin, yüklər üçün sənədlərin, zəruri hallarda isə yüklərin və gəmi otaqlarının yoxlanması daxildir.

Gəmi yoxlandıqdan sonra ona müəyyənləşdirilmiş qaydalara əməl etməklə Azərbaycan Respublikasının sularında üzməyi davam etdirməyə icazə verilə bilər, yaxud Azərbaycan Respublikasının sularını tərk etmək təklif oluna bilər və ya gəmi bu Qanunun 31-ci maddəsinə müvafiq surətdə tutulub saxlana bilər;

4) zəruri hallarda gəmini limana və ya limandan Azərbaycan Respublikasının dövlət sərhədinədək müşayiət etmək üçün gəmidə sərhədçi dəstəsi yerləşdirmək;

5) cinayət törətmiş və Azərbaycan Respublikasının qanunlarına görə cinayət məsuliyyəti daşımalı olan şəxsləri gəmidən düşürmək və tutmaq, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, həmin şəxsləri təhqiqat və istintaq orqanlarına təhvil vermək.

Maddə 31. Xarici qeyri-hərbi gəmilərin və Azərbaycan Respublikasına məxsus qeyri-hərbi gəmilərin sərhəd qarovulu tərəfindən tutulmasının əsasları

Azərbaycan Respublikasının ərazi və ya daxili sularında olan xarici qeyri-hərbi gəmi aşağıdakı hallarda sərhəd qoşunları tərəfindən tutulur və ən yaxın limana və ya başqa müvafiq məntəqəyə müşayiət edilir:

1) gəmi Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə məlumat toplamaqla məşğul olduqda və ya Azərbaycan Respublikasına qarşı düşmənçilik xarakteri daşıyan hər hansı başqa hərəkət etdikdə;

2) gəmi «Dəniz gəmiçilərinə bildirişlər»də elan edilmiş üzmək üçün bağlı rayonda olduqda;

3) gəmi müəyyən edilməmiş yerlərdə və ya müəyyən edilmiş yerlərdə, lakin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının icazəsi olmadan adamları düşürdükdə və ya mindirdikdə, yükləri boşaltdıqda və ya qəbul etdikdə;

4) gəmi qanunsuz ovla, tədqiqat və ya axtarış fəaliyyəti ilə məşğul olduqda, adamların sağlamlığı və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələr, yaxud digər tullantılar və materiallar tökdükdə;

5) gəmi Azərbaycan Respublikası səlahiyyətli orqanlarının icazəsi olmadan uçuş aparatlarını havaya qaldırdıqda və ya göyərtəyə götürdükdə;

6) heyət üzvləri və ya gəmidə olan başqa şəxslər Azərbaycan Respublikasına məxsus sərhəd nişanlarını, naviqasiya sipəri vasitələrini, rabitə kabellərini, digər sualtı və suüstü obyektləri zədələdikdə;

7) gəminin kapitanı gəmi və yüklər üçün lazımi sənədlər təqdim etmədikdə;

8) gəmi sərhəd qoşunları nümayəndələrinin və ya Azərbaycan Respublikasının səlahiyyətli orqanları nümayəndələrinin sərəncamlarına tabe olmadıqda;

9) gəmi bu Qanunla müəyyən edilmiş qaydaları, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini və ya hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərini və normalarını pozaraq Azərbaycan Respublikasının ərazi və ya daxili sularında olduqda.

Xarici qeyri-hərbi gəmini tutmaq haqqında qərarı sərhəd qoşunları onu yoxladıqdan sonra qəbul edir. Həm də bu maddənin 2-9-cu bəndlərində göstərilən pozuntulara yol vermiş gəmi yol verilən pozuntunun qəsdən törədildiyi müəyyən edildikdə və ya Azərbaycan Respublikasının təhlükəsizliyinə, yaxud başqa mənafelərinə zərər vurduqda sərhəd qoşunları tərəfindən tutulur.

Sərhəd qarovulu bu maddənin 2-9-cu bəndlərində nəzərdə tutulan pozuntulara yol vermiş Azərbaycan Respublikasının qeyri-hərbi gəmisini də tutmaq və onu ən yaxın limana və ya digər müvafiq məntəqəyə müşayiət etmək hüququna malikdir.

Maddə 32. Gəminin yoxlanması və ya tutulması protokolu

Qeyri-hərbi gəminin yoxlanması və ya tutulması barəsində protokol tərtib edilir; protokolu sərhəd qoşunlarının nümayəndəsi və yoxlanmış, yaxud tutulmuş gəminin kapitanı imzalayırlar.

Gəmi tutulduqda gəmi və yük sənədləri kapitandan alınır və protokola əlavə edilir. Yoxlanmış və ya tutulmuş gəminin kapitanı sərhəd qoşunlarının hərəkətlərini düzgün saymadıqda və ya protokolun məzmunu ilə razılaşmadıqda protokolun özündə və ya protokola əlavə edilən ayrıca sənəddə hər hansı dildə öz qeydini yaza bilər. Kapitan protokolu imzalamaqdan imtina etdikdə protokolda müvafiq qeyd yazılır.

Maddə 33. Xarici qeyri-hərbi gəmilərin tutulmasının nəticələri

Tutulmuş xarici qeyri-hərbi gəmilər müəyyən edilmiş qaydada müvafiq xarici dövlətlərin səlahiyyətli nümayəndələrinə təhvil verilir, yaxud Azərbaycan Respublikasının ərazi sularından çıxarılır və ya Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı ilə müsadirə edilir.

Maddə 34. Azərbaycan Respublikasının sularında üzmək və olmaq qaydasını pozmuş xarici hərbi gəmilərə tətbiq edilən qaydalar

Azərbaycan Respublikasının qanunlarını və ya Azərbaycan Respublikasının ərazi və daxili sularında üzmək və olmaq qaydalarını pozmuş xarici hərbi gəmilər barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi qaydalar tətbiq olunur.

Maddə 35. hava hücumundan müdafiə qoşunlarının vəzifələri və hüquqları

Azərbaycan Respublikası dövlət sərhədinin qorunması sahəsində hava hücumundan müdafiə qoşunlarının vəzifələri və hüquqları bu Qanunla və Azərbaycan Respublikasının digər normativ aktları ilə müəyyən edilir.

Maddə 36. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması zamanı silahın və döyüş texnikasının tətbiqi

Sərhəd qarovulu və hava hücumundan müdafiə qoşunları Azərbaycan Respublikasının dövlət sərhədini qoruyarkən silahı və döyüş texnikasını tətbiq etmək hüququna malikdirlər. Zəruri hallarda Azərbaycan Respublikası dövlət sərhədinin qorunması zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başqa növlərinin silahı və döyüş texnikası tətbiq edilə bilər.

Maddə 37. Sərhəd qarovulunun silah və döyüş texnikası tətbiq etməsi qaydası

1) Sərhəd qoşunları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində vəzifələrini yerinə yetirərkən, Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf etmək, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qorumaq, onların qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir.

Sərhəd qarovulu silahı və döyüş texnikasını aşağıdakı hallarda da tətbiq etmək hüququna malikdir:

a) Azərbaycan Respublikasının dövlət sərhədini pozanların silahlı basqınlarını dəf etmək və silahlı müqavimətini qırmaq üçün;

a) sərhədçilərin və ya əhalinin həyatı üçün təhlükə olduqda və bu təhlükəni başqa vasitələrlə sovuşdurmaq mümkün olmadıqda silahlı şəxslərin basqınını dəf etmək və müqavimətini qırmaq üçün;

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində gizlənməyə və ya Azərbaycan Respublikası ərazisinin içərilərinə soxulmağa cəhd göstərərkən onu tutmaq üçün başqa imkanlar kömək etmədikdə;

v) Azərbaycan Respublikasının dövlət sərhədini pozmaq üstündə tutulmuş şəxslər qaçmağa cəhd göstərdikdə və bunun qarşısını başqa vasitə ilə almaq mümkün olmadıqda;

q) əhalinin, dövlət mülkiyyətini və vətəndaşların şəxsi əmlakını silahlı basqından, silahlı və ya digər fitnələrdən qorumaq üçün başqa tədbirlər nəticə vermədikdə;

«a», «b», «v», «q» yarımbəndlərində nəzərdə tutulan hallarda silah və döyüş texnikası bu şərtlə tətbiq edilir ki, sərhədi pozan «dayan» çağırışından və havaya xəbərdarlıq atəşindən sonra sərhəd qoşunlarının tələblərini yerinə yetirməsin.

Azərbaycan Respublikasının dövlət sərhədini pozan şəxslərin silahlı basqınlarını dəf etmək və silahlı müqavimətini qırmaq, sərhədçilərin və ya əhalinin həyatı üçün real təhlükə yaradan qəfil hücum baş verərsə, habelə hücum zamanı silahdan, döyüş texnikasından, mexaniki nəqliyyat vasitələrindən istifadə olunarsa, həmin hücumu dəf etmək üçün sərhəd qoşunlarının hərbi qulluqçuları xəbərdarlıq etmədən silah və döyüş texnikasını tətbiq edə bilərlər.

İnsana qarşı silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

Sərhəd qoşunlarının hərbi qulluqçuları həyat və sağlamlıqları üçün təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvanların zərərsizləşdirilməsi üçün, həmçinin təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağrıldıqda silahdan istifadə edə bilərlər.

Silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verilməlidir.

2) Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd qoşunlarının gəmiləri (katerləri) özlərinə və Azərbaycan Respublikasının başqa gəmilərinə silahlı basqını dəf etmək və ya xarici gəmilərin Azərbaycan Respublikasının sahilboyuna, Azərbaycan Respublikasının sualtı və suüstü obyektlərinə qarşı aşkar düşmənçilik hərəkətlərinə son qoymaq üçün silah tətbiq edir, habelə aşağıdakı hallarda silah tətbiq etmək hüququna malikdirlər:

a) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmilər Azərbaycan Respublikasının ərazi və daxili sularında dayandırılarkən və tutularkən silahlı müqavimət göstərdikdə bu müqavimətə son qoymaq üçün;

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmi və ya Azərbaycan Respublikasının qanunlarını, yaxud Azərbaycan Respublikasının sularında üzmək və olmaq qaydalarını pozan gəmi dayanmaq barəsində tələbləri yerinə yetirmədikdə, bu gəmi gizlənməyə cəhd göstərərkən onu dayandırmaq üçün başqa imkanlar kömək etmədikdə. Bu halda silah xəbərdarlıq atəşindən (güllə qatarı buraxıldıqdan) sonra tətbiq edilir.

3) sərhəd qoşunlarının təyyarələri və vertolyotları qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası ərazisinə silahlı basqınını və təcavüzünü dəf etmək, Azərbaycan Respublikasının dövlət sərhədində silahlı fitnələrin qarşısını almaq üçün silah tətbiq edirlər.

Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd aviasiyası aşağıdakı hallarda, silah tətbiq etmək hüququna malikdir:

a) sərhəd qoşunlarının gəmilərinə (katerlərinə), Azərbaycan Respublikasının başqa gəmilərinə silahlı basqın zamanı onlara basqını dəf etməkdə kömək göstərmək üçün, xarici gəmilərin Azərbaycan Respublikası sahilboyuna Azərbaycan Respublikasının sualtı və suüstü obyektlərinə qarşı aşkar düşmənçilik hərəkətlərinə son qoymaq üçün və ya Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmilərin silahlı müqavimətini qırmaq üçün;

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində gizlənməyə cəhd göstərərkən onları tutmağın başqa imkanları kömək etmədikdə. Bu halda silah xəbərdarlıq atəşindən (güllə qatarı buraxıldıqdan) sonra tətbiq edilir.

4) sərhəd qoşunları Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmilərinə və başqa uçuş aparatlarına, xarici hərbi gəmilərə, o cümlədən sualtı qayıqlara qarşı silahı və döyüş texnikasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tətbiq edir;

5) Azərbaycan Respublikasının hava hücumundan müdafiə qoşunları, hərbi-dəniz donanması, Silahlı Qüvvələrin başqa hissələri və bölmələri xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası ərazisinə silahlı basqınını dəf etməkdə, Azərbaycan Respublikasının dövlət sərhədində silahlı fitnələrin qarşısını almaqda sərhəd qoşunlarına kömək göstərərkən, habelə Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmilərinə və başqa uçuş aparatlarına, xarici hərbi gəmilərə, o cümlədən Azərbaycan Respublikasının ərazi və daxili sularında sualtı vəziyyətdə aşkar edilmiş sualtı qayıqlara qarşı silahı və döyüş texnikasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tətbiq edirlər;

6) silah tətbiq edilərkən güllələrin və mərmilərin həmsərhəd dövlətlərin ərazisinə düşməsinə bir qayda olaraq, yol verilmir; Azərbaycan Respublikasının ərazisinə xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınının və təcavüzünün dəf edilməsi, silahlı fitnələrin və Azərbaycan Respublikasının dövlət sərhədini pozan silahlılarla toqquşmaların qarşısının alınması halları istisna təşkil edir;

silahı qanunsuz tətbiq etmiş şəxslər Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə intizam və ya cinayət məsuliyyətnə cəlb edilirlər;

7) sərhəd qoşunlarının aşağıdakı hallarda silah tətbiq etməsi qadağandır:

a) Azərbaycan Respublikasının dövlət sərhədini sərhədçilərin gözü qabağında pozan şəxslərə qarşı; bu şərtlə ki, həmin pozuntular Azərbaycan Respublikasının dövlət sərhədi yaxınlığında kənd təsərrüfatı işlərinin və başqa işlərin (ov, mal-qara otarılması, giləmeyvə dərilməsi, yanacaq toplanması və i. a.) görülməsi ilə bağlı olsun, habelə çimmək və ya motorlu, motorsuz gəmilərdə üzmək zamanı törədilmiş olsun;

b) sərhədboyu rejimi və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimi pozmaq üstündə tutulmuş şəxslər qaçmağa cəhd göstərdikdə, bu şərtlə ki, Azərbaycan Respublikası dövlət sərhədinin onlar tərəfindən real pozulması təhlükəsi olmasın;

v) Azərbaycan Respublikasının ərazi və daxili sularında ovla məşğul olan xarici balıqçılıq və digər ov gəmilərinə qarşı, bu şərtlə ki, onlar silahlı müqavimət göstərməsinlər

q) sərhədboyu zonanın yolları, Azərbaycan Respublikasının dövlət sərhədinə və ya Xəzər dənizinin sərhəd qoşunları tərəfindən qorunan sahilboyuna bitişik rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin ərazisi ilə gedən və sərhəd qoşunlarının dayanmaq tələbini yerinə yetirməyən avtomotonəqliyyat vasitələrinə qarşı, bu şərtlə ki, Azərbaycan Respublikası dövlət sərhədinin real pozulma təhlükəsi olmasın;

ğ) Azərbaycan Respublikasının dövlət sərhədini keçən heyvanlara qarşı.

Maddə 37-1. Sərhəd qoşunları tərəfindən xüsusi vasitələrdən istifadə edilməsi

Sərhəd qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində vəzifələrini yerinə yetirərkən xüsusi vasitələrdən istifadə edə bilərlər. Sərhəd qoşunlarının istifadəsində olan xüsusi vasitələrin siyahısı və onlardan istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.