Maddə 22. Sərhədboyu zona və sərhədboyu zolaq

Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir.

Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şəraitdən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.

Sərhədboyu zonada psixonevroloji dispanserlərin (xəstəxanaların) və islah-əmək müəssisələrinin yerləşdirilməsi qadağandır.

Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə müvafiq icra hakimiyyəti orqanı texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yolların, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün sərhəd qoşunlarınun müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudlarından kənarda 30-50 metr enində lazımi torpaq zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir.

Maddə 23. Sərhədboyu rejim

Sərhədboyu zonada və sərhədboyu zolaqda sərhədboyu rejim qoyulur; sərhədboyu rejim bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının və başqa şəxslərin gəlməsi, müvəqqəti yaşaması, bir yerdən başqa yerə getməsi, işlərin görülməsi, motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və saxlanması, Azərbaycan Respublikasının ərazi və daxili sularında onların üzməsi və hərəkət etməsi qaydalarını tənzimləyir.

Maddə 24. Sərhədboyu zonaya və sərhədboyu zolağa daxilolma. İşlərin görülməsi

1) Sərhədboyu zonada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının pasportunda daxili işlər orqanları xüsusi ştamp vururlar. Belə ştamp vurulmuş pasportu olan vətəndaşlar Azərbaycan Respublikasının ərazisində bütün sərhədboyu zonanın hüdudları daxilində hərəkət edə bilərlər;

2) ali, orta ixtisas və başqa təhsil müəssisələrinin sərhədboyu zonadakı yaşayış məntəqələrinin sakinləri olmuş tələbələri və şagirdləri bu yaşayış məntəqələrinə onların təhsil müəssisələrində oxumasını təsdiq edən sənədlər və yerli idarəetmə orqanlarının arayışlarına sərhədboyu zonanın yaşayış məntəqələrindən onların təhsil almağa getdiyini təsdiq edən arayışlara əsasən gedirlər;

3) sərhədboyu zonaya girmək və orada olmaq hüququna dair buraxılışları daxili işlər orqanları Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə, onların şəxsi ərizələri, vəsatətləri və ya bu ərizələrin və vəsatətlərin əsaslı olduğunu təsdiq edən müvafiq sənədlər əsasında verirlər; valideynləri ilə və ya müşayiətçi şəxslərlə birlikdə sərhədboyu zonaya gedən 16 yaşınadək uşaqlar bu şəxslərin buraxılışlarına daxil edilir;

4) sərhədboyu zonada yaşamayan vətəndaşlar qrupu sərhədboyu zonaya getdikdə onlar üçün buraxılış qrupun rəhbərinin adına verilə bilər. Bu zaman buraxılışda onunla gedən şəxslərin sayı göstərilməlidir.

Belə hallarda onların getdiyi yerdəki əlaqədar müəssisələrin, idarələrin və ya təşkilatların vəzifəli şəxslərinin imzası və gerbli möhürü ilə təsdiqlənmiş və daxili işlər orqanlarında qeydə alınmış adbaad siyahılar buraxılışa əlavə edilir. Siyahılarda göstərilən şəxslər sərhədboyu zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə əsasən daxil olurlar;

5) sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd qoşunlarınun texniki çəpər xətti arasındakı ərazi zolağında daimi yaşamayan şəxslər oraya yalnız istehsalat və ya xidmət zərurəti olduqda buraxılırlar. Həmin vətəndaşların göstərilən yerlərə buraxılması və orada müvəqqəti qalması qaydasını, habelə orada sudan istifadə edilməsi, kənd təsərrüfatı işləri və başqa işlər görülməsi qaydasını sərhəd qoşunları yerli idarəetmə orqanları ilə razılığa əsasən müəyyən edir.

Müəssisələrin, idarələrin, təşkilatların rəhbərləri görüləcək işlərin vaxtı və yeri haqqında sərhəd qoşunları bölmələrinə qabaqcadan məlumat verməli, müəyyənləşdirilmiş sərhədboyu rejimə işləyən vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməlidirlər;

6) sərhədboyu zonada yerləşən müəssisə, idarə, təşkilat rəhbərlərinin sərhədboyu zonaya daxil olmağa və orada yaşamağa icazəsi olmayan şəxsləri işə götürməsi qadağandır;

7) sərhədboyu zonada yerləşən yaşayış məntəqələrinə müəyyən edilmiş qaydada ezam olunan vətəndaşlar həmin zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə və ezamiyyət sənədlərinə əsasən gedirlər, həm də ezamiyyət sənədləri onların getdiyi yerdəki daxili işlər orqanlarında hökmən qeydə alınmalıdır;

8) hərbi qulluqçular və prokurorluq orqanlarının prokurorları müstəntiqləri sərhədboyu zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə və xidməti göstərişlərə, ezamiyyət və məzuniyyət sənədlərinə,yol vəsiqələrinə əsasən daxil olurlar;

9) müəssisələrin və təşkilatların yerli və beynəlxalq daşımaları həyata keçirən, yaxud dəmir yolların və şosse yollarının, müvafiq nəqliyyat vasitələrinin, habelə neft kəmərlərinin, qaz kəmərlərinin, rabitə və elektrik xəttlərinin təmirini və istismarını təmin edən daimi heyəti sərhədboyu zonaya xidmət zərurəti olduqda, bu heyət üçün müəyyən edilmiş əmək — vəzifələri və iş sahələri (reyslər, marşrutlar) çərçivəsində, özlərinin xidmət — vəsiqələrinə əsasən daxil olurlar;

10) sərhədboyu zonada yerləşən sanatoriyalara, istirahət evlərinə, pansionatlara, turist bazalarına və digər müalicə-sağlamlaşdırma idarələrinə gedən vətəndaşlar onların şəxsiyyətini təsdiq edən sənədlərə və yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydə alınmış putyovkalara (kursovkalara) əsasən daxil olurlar;

11) Azərbaycan Respublikasında daimi yaşayan və ya respublikaya müvəqqəti gələn əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayanı şəxslər ümumən müəyyən edilmiş qaydada sərhədboyu zonaya daxil olur və orada qalırlar;

12) nəqliyyat müəssisələri və təşkilatları şəxsiyyəti təsdiq edən sənədlər və sərhədboyu zonaya daxil olmaq hüququna dair buraxılışlar təqdim edildikdən sonra vətəndaşlara sərhədboyu zonada yerləşən məntəqələrə biletlər satır və xidməti yol sənədləri verirlər;

sərhədboyu zonaya daxil olmaq hüququna dair müvafiq sənədləri olmayan sərnişinlərə bilet satılmasına yol vermiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar;

13) sərhədboyu zonadan qatarlarda, avtobuslarda tranzitlə gedən sərnişinlərin tranzitlə keçib getdikləri sərhədboyu zonada dayanması qadağandır;

14) sərhədboyu zonada ov qaydası sərhəd qoşunları ilə razılaşdırılır. Sərhədboyu zolaqda, eləcə də Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd qoşunlarının texniki çəpərlər xətti arasındakı ərazi zolağında ov etmək qadağandır;

15) sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd qoşunlarının texniki çəpər xətti arasındakı ərazi zolağında hər cür tikinti, meşəqırma və başqa işlər sərhəd qoşunlarının razılığı ilə həyata keçirilir; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə əsasən aparılan tikinti işləri və təbii fəlakətlərin ləğv edilməsi, xüsusilə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir.

16) sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır.

Maddə 25. Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhədboyu rejimin xüsusiyyətləri

1) Azərbaycan Respublikasının sərhədboyu zonasında yerləşən ərazi və daxili sularına, habelə oradakı adalara sərhəd qoşunları nəzarət edir:

2) sərhədboyu zonanın ərazisində müəssisələrə, idarələrə, təşkilatlara və vətəndaşlara məxsus balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmiləri, motorlu və motorsuz başqa gəmilər belə gəmilərə nəzarət edən orqanlarda müəyyənləşdirilmiş qaydada qeydə alınmaqdan əlavə, sərhəd qoşunlarının ən yaxın bölməsində də qeydə alınmalı, gəmi sahibinin qeydiyyat sənədlərinə bu barədə xüsusi ştamp vurulmalıdır;

göstərilən gəmilər müəyyən edilmiş yanalma körpülərinə, yerləşmə məntəqələrinə təhkim edilməli və dayanacaq üçün daimi yerlərə malik olmalıdır;

bu gəmilərin mənsubiyyətini nişanlamaq üçün onların havadan görünən yerlərinə tanınma nişanları vurulur, gövdələrinə isə müəyyənləşdirilmiş qaydada qeydiyyat nömrələri yazılır;

3) vətəndaşları sərhəd qoşunları tərəfindən qorunan dəniz sahilboyuna, sərhədboyu çayların, göllərin və başqa sututarların sahillərinə müəyyən müddət üçün gətirmiş motorlu və motorsuz gəmilərin sahibləri öz gəmilərini sərhəd qoşunlarının ən yaxındakı bölməsində qeydə aldırmalı və təyin edilmiş yanalma körpülərində və yerləşmə məntəqələrində saxlamalıdır;

4) təyin edilmiş yanalma körpülərindən, yerləşmə məntəqələrindən və xüsusi ayrılmış başqa yerlərdən kənarda motorlu və motorsuz gəmilərin saxlanması və dayanması, adamların minib-düşməsi, yük vurulub-boşaldılması, fəlakət və qəza halları istisna olmaqla, qadağandır;

5) sənədlərin rəsmiləşdirilməsi qaydasını, motorlu və motorsuz gəmilərin dənizə, sərhədboyu çayların, göllərin və başqa sututarların sularına çıxması qaydasını, Azərbaycan Respublikasının ərazi və daxili sularında hərəkəti qaydasını, eləcə də göstərilən gəmilər üçün yanalma körpülərinin və yerləşmə məntəqələrinin düzəldilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı sərhəd qoşunlarının təqdimatı üzrə müəyyən edir;

6) sərhədboyu çaylarda, göllərdə və başqa sututarlarda balıq ovu sərhəd qoşunlarının icazəsi ilə, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə aparılır;

7) dənizə və sərhədboyu çayların, göllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış motorlu və motorsuz gəmilərdə, yalnız günün işıqlı vaxtında, sərhəd qoşunlarının verdiyi vəsiqələr üzrə, təyin edilmiş yanalma körpülərinə və yerləşmə məntəqələrinə qaranlıq düşənədək qayıtmaq şərti ilə yol verilir;

dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilir;

8) sərhəd qoşunlarının qoruduğu dəniz sahilboyunda, sərhədboyu çayların, göllərin, başqa sututarların sahillərində çimmək yerlərini, onların düzəldilməsi və işlədilməsi qaydasını yerli idarəetmə orqanları sərhəd qoşunları ilə razılaşdırmaqla müəyyən edirlər;

9) Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd qoşunları gəmilərinin (katerlərinin) zərurət olduqda gecə vaxtı, fənəri yandırmadan üzməsinə icazə verilir. Belə hallarda gəmilərin (katerlərin) komandirləri başqa gəmilərlə toqquşmanın qarşısını alan tədbirlər görməlidirlər.

Maddə 26. Azərbaycan Respublikası Dövlət sərhədinin buraxılış məntəqələrində rejim

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrinin və gömrük idarələrinin xidmət fəaliyyəti üçün şərait yaratmaq və bu şəraiti saxlamaq məqsədilə şəxslərin və nəqliyyat vasitələrinin həmin məntəqələrdə olması və hərəkət etməsi qaydasını, habelə şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması ilə bağlı digər fəaliyyətin qaydasını tənzimləyən rejim müəyyən edilir.

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılışın həyata keçirildiyi aeroportların (aerodromların), dəniz limanlarının, dəmiryolu və avtomobil vağzallarının və stansiyalarının rəisləri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara əsasən və həmin qaydaların icrası üçün yerli şəraiti nəzərə alaraq, sərhəd qoşunları və daxili işlər orqanları ilə razılaşdırmaqla öz əmrlərini (təlimatlarını) verirlər.

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələri sayılan aeroportlarda, vağzallarda, dəniz və çay limanlarında dəmiryol və avtomobil vağzallarında və stansiyalarında sərhəd qoşunları və gömrük nəzarətinin həyata keçirildiyi yerləri müəyyən edir və kənar şəxslərin həmin yerlərə gəlməsinə yol verməmək və Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməyin qarşısını almaq məqsədilə orada əlavə rejim qaydaları qoyur.

Dəniz gəmilərinin kapitanları, hava gəmilərinin komandirləri, dəmiryol qatarlarının rəisləri, vaqon bələdçiləri, avtomobil nəqliyyatı vasitələrinin sürücüləri onlara etibar edilmiş, xaricə gedən nəqliyyat vasitələrində şəxslərin qanunsuz olmasına yol verdikdə Azərbaycan Respublikasının qanunlarına müvafiq surət dəməsuliyyət daşıyırlar.