Maddə 1. Azərbaycan Respublikasının dövlət sərhədi

Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir.
Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.

Maddə 2. Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsi prinsipləri

Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası Ali Sovetinin qərarları ilə müəyyən edilir.

Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir.

Azərbaycan Respublikasının dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən aşağıdakı prinsiplər rəhbər tutulur:

• Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi;

• Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi;

• Həmsərhəd dövlətlərlə qarşılıqlı surətdə faydalılıq əsasında hərtərəfli əməkdaşlıq;

• sərhəd mübahisələrinin sülh yolu ilə həll edilməsi».

Maddə 3. Azərbaycan Respublikası dövlət sərhədinin təyin edilməsi

Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilir:

1) quruda — relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə;

2) Xəzər dənizində — Azərbaycan Respublikasının ərazi sularının xarici kənarı üzrə;

3) çaylarda (kiçik çaylarda) — onların ortası və ya çayın əsas qolunun ortası üzrə; göllərdə və başqa sututarlarda — Azərbaycan Respublikası sərhədinin bu gölün və ya başqa sututarın sahillərinə yanaşdığı iki nöqtəni birləşdirən düz xətt üzrə.

Azərbaycan Respublikasının çay (kiçik çay), göl və ya başqa sututar boyunca uzanan dövlət sərhədi bunların sahillərinin konfiqurasiyası dəyişdikdə və ya çayın (kiçik çayın) yatağı yerini dəyişdikdə dəyişmir;

4) su qovşaqlarının dəryaçalarında və başqa süni sututarlarda — Azərbaycan Respublikası dövlət sərhədinin dəryaçalar və sututarlar doldurulanadək ərazidən keçmiş xətti üzrə;

5) çayların (kiçik çayların) sərhədboyu hissələrində salınmış dəmir yolu və avtomobil yolu körpülərində, bəndlərdə və başqa qurğularda-Azərbaycan Respublikasının dövlət sərhədinin suyun harasından keçməsindən asılı olmayaraq bu qurğuların ortası və ya texnoloji oxu üzrə.

Maddə 4. Azərbaycan Respublikası dövlət sərhədinin nişanlanması

Azərbaycan Respublikasının dövlət sərhədi ərazidə aydın görünən sərhəd nişanları ilə nişanlanır.

Sərhəd nişanlarının formaları, ölçüləri və qurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri ilə müəyyən edilir.

Maddə 5. Azərbaycan Respublikasının ərazi suları

Azərbaycan Respublikasının ərazi sularına aşağıdakılar aiddir:

1) Xəzər dənizinin Azərbaycan Respublikası ilə həmsərhəd dövlətlərin sərhədləri arasındakı suları;

2) sərhədboyu çayın və başqa sututarların Azərbaycan Respublikasındakı sahilindən həmsərhəd dövlətlə dövlət sərhədinədək olan suları.

Maddə 6. Azərbaycan Respublikasının daxili suları

Azərbaycan Respublikasının daxili sularına aşağıdakılar aiddir:

1) Azərbaycan Respublikası limanlarının hidrotexniki və başqa qurğularının dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşmış liman suları;

2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların suları.

Maddə 7. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericilik

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, başqa qanunvericilik aktlarından, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrindən ibarətdir.