+
-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xudat Sərhəd Dəstəsinin «Xınalıq» sərhəd zastavasına səfəri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev 7 oktyabr 2006-cı ildə Xudat Sərhəd Dəstəsində uca dağlar qoynunda, «Heydər Əliyev Zirvəsi»nin ətəyində tikilmiş «Xınalıq» sərhəd zastavasının açılış mərasimində iştirak etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı Cənab general-leytenant Elçin Quliyev Ali Baş Komandanı qarşılayaraq raport vermişdir. Dövlətimizin başçısı sərhədçilərlə keçirdiyi bütün görüşlərdə olduğu kimi, «Xınalıq» sərhəd zastavasında da sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, şəxsi heyətin mənəvi-psixoloji və fiziki hazırlığı, sosial-məişət şəraiti ilə yaxından maraqlanmışdır. DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı Cənab general-leytenant Elçin Quliyev məlumat verərək bildirmişdir ki, zastavanın yerləşdiyi Xınalıq kəndində iqlim şəraiti sərt olduğuna görə dağlıq ərazilərdə xüsusi mühafizə avadanlıqlarından, eləcə də xizəklərdən istifadə edilir. Ali Baş Komandan sərhədçilərin istifadə etdikləri texnika, cihaz və ləvazimatlara, xüsusi təyinatlı avadanlıqlara baxmışdır. Zastavanın həyətindən «Heydər Əliyev Zirvəsi»nə, dəniz səviyyəsindən 3200 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağına, uca dağ döşündə həkk olunmuş «Yaşa Azərbaycan!» yazısına heyranlıqla tamaşa etmiş, dağlıq ərazidə sərhədçilərin xidməti heyvanlardan istifadə qaydalarına baxmış, sərhədçilərin qarşısında duran vəzifələrdən danışmışdır. DSX tərəfindən görülən işləri, eləcə də «Xınalıq» sərhəd zastavasını bəyəndiyini bildirən ölkəmizin Prezidenti xüsusi olaraq vurğulamışdır ki, tikinti-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Bununla belə, tikintilərin sürəti artırılmalıdır. Bunun üçün lazımi köməkliyin ediləcəyini vurğulayan ölkəmizin Prezidenti dövlət sərhədlərimizin daha yüksək səviyyədə qorunmasının, sərhəd mühafizəsi işinin daha da təkmilləşdirilməsinin vacibliyini ən mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Cənab Ali Baş Komandanın ən ucqar yerdə istifadəyə verilən sərhəd zastavasına səfər etməsi bir daha göstərmişdir ki, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması xüsusi əhəmiyyət verilən sahələrdəndir.