+
-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xudat Sərhəd Dəstəsinin şəxsi heyəti ilə görüşdə söylədiyi nitq

Mən sizin hamınızı ürəkdən salamlayıram, seçdiyiniz şərəfli peşənizdə uğurlar arzulayıram.

Hər bir dövlət üçün sərhəd qoşunları dövlət müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ilk vaxtlar sərhəd qoşunları yox idi. Sərhədlərimiz, demək olar ki, qorunmurdu və şəffaf idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bu sahəyə diqqət yetirilmirdi. Azərbaycan müxtəlif xarici ünsürlər üçün açıq ölkəyə çevrilmişdi. O illərdə ölkəmiz terrora məruz qalmışdı, erməni terrorist təşkilatları tərəfindən 33 terror aktı törədilmiş, bunların nəticəsində iki mindən çox insan həlak olmuşdur. Azərbaycan sərhədləri qorunmurdu və ölkəmizin müstəqilliyi böyük təhlükə altında idi.

Ümumiyyətlə, 1990-cı illərin əvvəllərində Azərbaycan yalnız formal olaraq dövlət kimi fəaliyyət göstərirdi. Ölkəmiz öz siyasətini azad şəkildə apara bilmirdi və müxtəlif ölkələrin bəzi dairələrinin təsiri altına düşmüşdü. Yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan öz dövlət müstəqilliyini qorumağa, möhkəmləndirməyə başladı. Bu gün Azərbaycan tam mənada müstəqil dövlət kimi yaşayır və fəaliyyət göstərir, dünyada müstəqil xarici, iqtisadi siyasət aparır. Bütün başqa sahələrdə də apardığımız siyasət tam sərbəst və azad şəkildə həyata keçirilir. Biz Azərbaycan xalqının milli maraqlarını qoruyuruq və bu maraqları hər şeydən üstün tuturuq. Bu gün ölkəmizə təsir edə bilən heç bir qüvvə yoxdur. Biz bu müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik. Azərbaycanın prezidenti kimi mən öz müstəqil siyasətimi aparacağam. Bu siyasət xalqın iradəsi ilə aparılır. Xalqımızın iradəsi və maraqları mənim üçün hər şeydən üstündür.

 

1993-cü ilə qədər Azərbaycan bütün sahələrdə ağır böhran keçirirdi. İqtisadiyyatımız dağılmışdı, ölkəmiz xaricdə öz mövqelərini qoruya bilmirdi, Ermənistan tərəfindən edilmiş təcavüz torpaqlarımızın itirilməsi ilə nəticələndi, daxildə gedən xoşagəlməz proseslər ölkəmizi içəridən dağıdırdı. Daxili sabitlik pozulmuş və xalqımız böyük bəlalarla üzləşmişdir. Bütün başqa sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarının yaradılması istiqamətində də Heydər Əliyevin siyasəti həlledici rol oynadı. Onun siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf etdi – iqtisadiyyat tərəqqi etdi, xarici siyasətdə böyük uğurlar əldə olundu. Ölkəmizdə mövcud olan sosial problemlər öz həllini tapdı və gördüyünüz kimi, bu siyasət bu gün də davam etdirilir.

Sərhəd Qoşunlarının formalaşmasında Heydər Əliyevin rolu müstəsna olmuşdur. Məhz onun rəhbərliyi altında Azərbaycanda Sərhəd Qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qoruyurlar. Xalqımızın ümummilli liderinin qərarı ilə Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyətə başladıqdan sonra bu istiqamətdə çox böyük müsbət dəyişikliklər baş vermişdir. Mən çox şadam ki, bu gün Azərbaycan Sərhəd Qoşunları bütün yüksək standartlara cavab verir və ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur.

Mövcud olan zəmanənin öz çətinlikləri vardır. Bilirsiniz ki, dünyada ölkələr beynəlxalq terrorizmlə mübarizədə birləşir. Qeyd etdiyim kimi, Azərbaycan da terrora məruz qalmışdır. Ona görə də sərhədlərimizin qorunması bu baxımdan da bizim üçün çox önəmlidir.

Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkəmiz bu baxımdan bölgədə liderdir və onu əldən vermir. Aparılmış iqtisadi islahatların, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan öz iqtisadi potensialını gücləndirdi. Ölkəmizin maddi imkanları günü-gündən yaxşılaşır və bu, mövcud olan sosial problemlərin həll olunmasına şərait yaradır. Azərbaycanda əmək haqları qaldırılır və demək istəyirəm ki, sərhəd qoşunlarında xidmət edən şəxsi heyətin əmək haqqı da artırılacaqdır.

Azərbaycanın iqtisadi maraqları çox yüksək səviyyədə qorunmalıdır. Ölkəmizin iqtisadi təhlükəsizliyi etibarlı şəkildə təmin olunmalıdır və bu sahədə Sərhəd Qoşunlarının da böyük rolu vardır. Qaçaqmalçılığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə imkan verilməməsi bizim üçün çox önəmlidir. Əlbəttə, problemlər də mövcuddur və onların aradan qaldırılması istiqamətində böyük addımlar atılır. Əminəm ki, Sərhəd Qoşunları bundan sonra da qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəkdir. Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bilirsiniz ki, ölkəmiz uzun illərdir bu məsələni sülh yolu ilə həll etmək istəyir. Əfsuslar olsun ki, aparılmış bütün danışıqlar hələlik nəticə vermir. Vasitəçilik missiyasını öz üzərinə götürmüş tərəflərin fəaliyyəti də nəticəsizdir. Bəzən səslənən təkliflər və çağırışlar reallığı əks etdirmir. Azərbaycanın işi haqq işidir. Bizim torpaqlarımız işğal altındadır və beynəlxalq hüquq bizim tərəfimizdədir. Haqq-ədalət, iqtisadi imkanlar da bizim tərəfimizdədir. Ordu quruculuğunda böyük işlər görülübdür. Bilirsiniz ki, bu sahəyə böyük diqqət göstərilir, lazımi vəsait ayrılıbdır və bundan sonra da ayrılacaqdır. Bir neçə ildən sonra Azərbaycan iqtisadi cəhətdən çox güclü dövlətə çevriləcəkdir. Əlbəttə ki, ölkəmiz hərbi cəhətdən də üstünlüyü daha da möhkəmləndirəcəkdir.

Bir sözlə, bütün beynəlxalq normalar, reallıqlar Azərbaycanın tərəfindədir. Belə olan halda, bəzi çağırışlar, xüsusilə güzəştlə bağlı təkliflər bizim tərəfimizdən müsbət reaksiya ilə qarşılana bilməz. Ərazi bütövlüyü məsələlərində güzəşt ola bilməz! Mən bunu dəfələrlə bəyan etmişəm. Biz heç vaxt ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Çalışırıq və hələ ki, imkanlarımız, ümidlərimiz tükənməyibdir. Amma hər an, istənilən vaxt torpaqlarımızı başqa yolla, silahlı yolla azad etməyə hazır olmalıyıq. Bunu etmək üçün bizim bütün imkanlarımız – Azərbaycan xalqının birliyi, ölkəmizin güclü ordusu, Azərbaycan rəhbərliyinin və xalqımızın iradəsi vardır.

Azərbaycan dövlətinin və hökümətinin siyasəti xalqımız tərəfindən dəstəklənir və bəyənilir. Bu iki gün ərzində mən bunun bir daha şahidi oldum. Quba, Qusar rayonlarında keçirdiyim görüşlər məni bir daha əmin etdi ki, Azərbaycan xalqı ölkədə aparılan siyasəti dəstəkləyir. Mən bu dəstəyi ötən il keçirilmiş prezident seçkilərində də hiss etdim, gördüm və bu dəstəyə arxalanıram. Seçkilərdən ötən dövr ərzində Azərbaycan bütün istiqamətlərdə çox uğurlu siyasət aparır. Ölkəmizin beynəlxalq əlaqələri inkişaf edir, biz dünyada mövqeyimizi gücləndiririk, ikitərəfli münasibətlər sahəsində çox uğurlu siyasət aparılır, iqtisadi baxımdan Azərbaycan inkişaf edir, əmək haqqı qaldırılır, digər sosial məsələlər öz həllini tapır. Heydər Əliyevin əsəri olan və onun adını daşıyan Bakı–Tbilisi–Ceyhan neft kəməri uğurla inşa edilir. Mən şübhə etmirəm ki, qarşımıza qoyduğumuz bütün vəzifələr, məqsədlər həyata keçiriləcəkdir. Mən Sərhəd Qoşunlarının inkişafına böyük önəm verirəm. Qeyd etmək istəyirəm ki, Sərhəd Qoşunlarının komandanlığı ilə mütəmadi olaraq əlaqə saxlayır, məsələlərlə maraqlanıram, mənə məruzələr edilir, təkliflər verilir. İstəyirəm biləsiniz ki, verilən bütün təkliflərə müsbət cavab verilir. Sərhəd Qoşunlarının inkişafına, onun infrastrukturunun yaradılmasına və güclənməsinə vəsait ayrılır. Bu vəsaitdən səmərəli istifadə olunur və beləliklə, Azərbaycanda yeni sərhəd dəstələri, zastavalar yaradılır. Bu proses davam etdiriləcəkdir. Mən qeyd etdim ki, Azərbaycan Sərhəd Qoşunları qarşıda duran vəzifələri ləyaqətlə yerinə yetirir. Amma biz istəyirik ki, Sərhəd Qoşunları daha da güclənsin. Bunu etmək üçün, əlbəttə ki, maddi vəsait lazımdır və biz bu vəsaiti ayıracağıq. Azərbaycanın iqtisadi imkanları genişlənir. Ölkəmiz ildən-ilə zənginləşir, öz mövqelərini daha da möhkəmləndirir. İlk növbədə, ordu quruculuğuna və Sərhəd Qoşunlarının inkişafına vəsaitlər ayrılacaqdır.

Əziz sərhədçilər, mən sizi bir daha ürəkdən salamlayıram. Vətənimizin sərhədlərini ləyaqətlə qoruyun. Əminəm ki, siz bu vəzifənin öhdəsindən bundan sonra da gələcəksiniz. Sizə yeni-yeni uğurlar, can sağlığı, xoşbəxtlik arzulayıram.