11.10.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Sərhədçilərin sayıqlığı nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 11 oktyabr 2013-cü il tarixdə saat 03:45 radələrində sərhəd naryadı dövlət sərhədində şübhəli səslər eşitmiş və İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 3 nəfərin qaraltısını müşahidə edərək bu barədə dərhal sərhəd zastavasına məruzə etmişdir. Sərhəd naryadı maskalanaraq sərhəd pozucularını yaxın məsafəyə buraxmış və onlara “Dayan” komandası vermişdir. 

Lakin sərhəd pozucuları sərhəd naryadının tələblərinə məhəl qoymayaraq geri İİR istiqamətində qaçmağa başlamışlar. Sərhəd naryadı onları təqib etmiş, tabe olmadıqlarını gördükdə naryad başçısı xəbərdarlıq atəşi açmışdır. Sərhəd pozucuları bu tələbə də tabe olmadıqda naryad üzvləri təqibi davam etdirməklə onların qaranlıq hava şəraitində, həmçinin meşəlik ərazidə saxlanılmasına nail olmaq üçün qanuna uyğun olaraq silahdan istifadə etmişlər.   

Sərhəd pozucularından bir nəfəri naryad başçısı tərəfindən açılmış atəşlə hər iki ayaq nahiyəsindən güllə yarası almışdır. Yaralı sərhəd pozucusu-1969-cu il təvəllüdlü, Yardımlı rayon sakini Abışov Mais Murtuz oğluna sərhəd naryadı üzərində olan fərdi sarğı paketindən istifadə etməklə ilkin tibbi yardım göstərmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdır.    

Digər sərhəd pozucusu -1992-ci il təvəllüdlü, Bakı şəhər sakini Mirseyfullayeva Günay Azad qızı yaxalanmışdır. Təqibdən yayınmağa müvəffəq olmuş digər sərhəd pozucusu 1976-cı il təvəllüdlü Abışov Ramiz Murtuz oğlunun axtarışı üzrə tədbirlər davam etdirilir. 

Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus bir ədəd mobil telefon va 2520 qutu “Marlboro” siqareti aşkar edilərək götürülmüşdür.

Hadisə barədə Azərbaycan Respublikasının aidiyyəti qurumları məlumatlandırılmış, araşdırma tədbirləri davam etdirilir.    

                            

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi