+
-
17.01.2020
17.01.2020, 09:45- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunan 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr edilmiş silsilə tədbirlər davam etdirilir.

Yanvar ayının 16-da Dövlət Sərhəd Xidmətinin Aparatında, struktur qurumlarında və hərbi hissələrində qanlı yanvar hadisəsinə həsr edilmiş tədbirlərdə vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını fəda etmiş və xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Tədbirlərdə çıxış edən sərhədçilər, millət vəkilləri, elm xadimləri, ictimaiyyətin nümayəndələri xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermiş, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirilməsini qeyd etmişlər. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanmışdır.

Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ümumilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilmişdir. Ulu Öndər 20 yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamışdır.

Azərbayacan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilmiş tədbirdə “Şəhidlər xiyabanı” adlı kompozisiya proqramı ilə DSX Xüsusi Məktəbinin kursantları çıxış etmişlər.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw