22.11.2019, 09:34- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

21 noyabr  2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasında səfərdə olan Bolqarıstanın Daxili İşlər Naziri Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.  

Dövlət Sərhəd Xidmətinin Aparatında təntənəli mərasimlə qarşılanan Bolqarıstanın Daxili İşlər Naziri rəsmi protokola uyğun olaraq “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazmışdır.

Geniş tərkibdə keçirilmiş görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuş, transsərhəd cinayətkarlıqla mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir.

Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparmış, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizənin aparılması, sərhəd mühafizəsi və nəzarəti sahəsində praktiki fəaliyyətlərin, aidiyyəti sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi daxil olmaqla sərhəd əməkdaşlığının inkişaf etdirilməsinin Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında mövcud münasibətlərə əhəmiyyətli töhfə verə biləcəyini vurğulamışlar.   

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.  

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80