19.10.2019, 13:07 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin 17-18 oktyabr tarixlərində  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nüma­yəndə heyəti Belarus Respublikasının Minsk şəhərində Müstəqil Döv­lətlər Birliyinin Sər­həd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 82-ci iclasında müşahidəçi qismində iştirak etmişdir. İclasda nümayəndə heyətimizin tərkibində Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak etmişdir.

İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barə­də fikir mü­badiləsi aparılmış, sərhədlərdə baş verən böhran hallarının tən­zimlənməsi üz­rə birgə əməliyyatların təşkil olunması, Böyük Vətən Müharibəsinin 75-ci ildö­nümünün qeyd olunması, 2019-cu ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2020-ci il üçün tapşırıqları, növ­bəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunmuş­dur.

İclas zamanı çıxış edən general-polkovnik Elçin Quliyev Azərbaycan Res­pub­likası əra­zisinin 20%-nin, o cümlədən Azərbaycan Respub­likasının Ermə­nis­tan ilə dövlət sərhədinin 427 km, İran İslam Respublikası ilə dövlət sər­hədinin 132 km hissəsinin Er­mənistan Silahlı Qüvvələri tərəfindən işğal altında sax­lanıl­ma­sının təkcə Azərbaycan Respub­likası üçün deyil, bü­töv­lükdə regional təhlü­kəsizlik üçün ciddi təhdid olmasını, Ermənistan tərəfinin qeyri-konstruktiv möv­qeyi səbəbindən Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ müna­qi­şə­sinin sülh yolu ilə həlli istiqamətində konkret nəticələrin olma­masının bölgə­dəki sabitliyə mənfi təsir göstərməsini iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

Çıxışda 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən 130 kilometrlik his­sə­sinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən müha­fizə altına götürülməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarının bu münaqişənin sülh yolu ilə həllinə, bölgədə gərginliyin azalmasına və sərhəd təhlükəsizliyinin tək­milləş­dirilməsinə yönəlmiş təşəbbüs olması vurğulanmış, həmin istiqamətdə sərhəd müdafiə və mühafizə infra­struk­turunun yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilmiş, Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən atəşkəs rejiminin davamlı pozulması, sərhəd döyüş məntəqə­lərimizin, o cümlədən avtomobil və tikinti tex­nikasının, tibb maşınlarının, mülki heyətin mütəmadi olaraq atəşə məruz qalmaları, nəticədə döyüş məntəqəsinin arxasında təsərrüfat işləri ilə məşğul olan mülki vətəndaş 1959-cu il təvəl­lüdlü Səfəralı Abışovun aldığı güllə yarası nə­ti­­­cəsində həlak olması xüsusi qeyd olunmuşdur. 

İclasdan sonra Rusiya, Belarus və Qazaxıstan Sərhəd Xid­­mətlərinin rəh­bər­­­ləri ilə iki­tərəfli görüşlər keçirilmiş, qarşılıqlı əlaqələrin pers­pek­tivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıl­mışdır.

Rusiya Federasiyasının Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə “AR və RF sərhəd xidmətləri arasında 2020-2021-ci illər üçün Tədbirlər Planı” imzalanmılşdır.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi