Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
16 oktyabr 2019-cu il tarixdə Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılmışdır. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İran İslam Respublikasına getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilmişdir.
17 oktyabr 2019-cu il tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılmışdır.
18 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılmışdır. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilmişdir.
Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi