Dövlət Sərhəd Xidmətinin hərbi ənənələri sırasında vəzifələrinin icrasında fərqlənmiş sərhədçilərinin xidmətlərinin qiymətləndirilməsi və onların təltifləndirilməsi xüsusi yer tutur.
2019-cu ilin 15 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında bununla bağlı növbəti tədbir keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşmüş və onlara yüksək təltifləri təqdim etmişdir.
Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilmişlər.
Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əməliyyatın təfərrüatlarını məruzə etmiş, Vətənə xidmət etməkdən şərəf və qürur duymalarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olmalarını vurğulamış və müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində peşəkar xidmətə qəbul olunmaq arzusunda olmalarını bildirmişlər.
General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu istiqamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini qeyd etmiş, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər vermişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi