Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 2 nəfər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
04 oktyabr 2019-cu il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılmışlar.
Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildirmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi