Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.
21 sentyabr tarixində, saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilmiş 1 ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilmişdir.
Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi