Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
20 sentyabr tarixində, saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışmışdır. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərmiş, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirmişdir. Buna baxmayaraq sərhədçi zabit şücaət nümayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlamışdır.
Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilmişdir, vəziyyəti qənaətbəxşdir.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilmiş, əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülmüşdür.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilmiş, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılmışdır. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılmışdır. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilmiş, avtomobilin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülmüşdür.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi