+
-
19.09.2019
19.09.2019, 09:23- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədlərimizin etibarlı mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmə­tinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində sentyabr ayının 18-də “ASAN Xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinə start verilmişdir.

DSX-nin Sahil Mühafizəsinin bazasında keçirilən açılış mərasimindən öncə tədbir iştirakçiları hərbi hissənin Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş, Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzmüşlər. 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qa­baq­cıl və firavan ölkələrin­dən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin inkişafı, vətənpərvərlik tərbiyələri ilə yanaşı asudə vaxtları­nın səmərəli təşkili məsələ­lərinin də ciddi dövlət qay­ğı­sı ilə əhatə olun­masını, gənclərdə liderlik keyfiyyətlərinin formalaş­masına mühüm önəm verilməsini xüsusi  vurğulamışlar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ideyası, təşəbbüsü və birbaşa siyasi iradəsinin nəticəsi kimi yaranmış “ASAN Xidməti”n Azərbaycan brendinə çevril­məsində çox mühüm və nəcib fəaliyyətlə məşğul olan könüllülərin rolu xüsusi qeyd olunmuş­dur. Dövlət Sərhəd Xidmətinin və “ASAN Könüllüləri” Təşkila­tının birgə layihələrinin vətənpərvərlik ideya­larının təbliği üçün mü­hüm əhəmiyyət kəsb etdiyi bil­dirilmişdir.

Düşərgə iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini çatdıran Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov onlara uğurlar arzulamışdır.

İki gün ərzində davam edəcək düşərgə sərhəd gözətçi gəmilərində hərbi simulyasiya formasında həyata keçiriləcəkdir. Düşərgə iştirakçıları Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkə­zində inşa olunmuş, mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən ra­ketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə mü­şa­hidə sis­temləri ilə təchiz olunmuş “Tufan” və “Şahdağ” sərhəd gözətçi gəmiləri, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcəklər.  

                                                      

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw