Bu günlərdə Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənələrlə qeyd edirlər. Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidməti 1992-ci ildə müstəqil dövlətimizin sərhədlərinin mühafizəsinə çıxmış ilk sərhədçi əsgərləri də unutmamışdır.
1991-ci ildə müstəqilliyini elan etmiş respublikamızın qarşısında duran əsas vəzifələrdən biri silahli qüvvələrin yaradılması, sərhədlərin mühafizəsinin təmin edilməsi idi. Həmin dövrdə ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, respublika rəhbərliyinin səriştəsizliyi, milli maraqlara xəyanəti nəticəsində ölkədəki özbaşınalıq, hərbi xidmətə çağırışın bərbad vəziyyətdə olması, sərhədçi kadrların, o cümlədən əsgər heyətinin çatışmamazlığı bu vəzifələri xeyli çətinləşdirirdi. Məhz belə bir dövrdə bütün mərhumiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycanın vətənpərvər, qəhrəman oğulları Sovet Sərhəd Qoşunlarından hərbi hissələrin təhvil alınmasında, Azərbaycan sərhədlərinin mühafizəyə götürülməsində əsl fədakarlıq nümayiş etdirərək Sərhəd Mühafizəsinin formalaşması prosesinə öz layiqli töhfələrini verdilər.
Avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi-texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd etmişlər.
Tədbirdə həmçinin, 1992-ci ilin avqust ayının 22-də Ulu Öndər Heydər Əliyevin şəxsi iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissələrində ilk dəfə Naxçıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşunlarının yaradılmasının məhz Naxçıvandan başlanması qürur hissi ilə qeyd edilmişdir. Ulu Öndərin çağırışı ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhədçilərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüşlərdə rəşadət və şücaət nümunələri göstərməsi minnətdarlıq hissi ilə xatırlanmış, şəhid olmuş sərhədçilər ehtiramla yad edilmişlər.
Mərasimdə veteran sərhədçilərə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təqdim olunmuşdur. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film maraqla izlənmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi