2019-cu ilin 29-30 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlamış, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşmüş, xidməti və yaşayış şəraitlərinə baxış keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi