Möhtərəm qonaqlar! Cənab generallar! Hörmətli tədbir iştirakçıları!
Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi Repressiya Qurbanları”nın xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimində hər birinizi salamlayır, bütün qonaqlara burada olduqlarına görə minnətdarlığımı bildirir, milli dövlətçilik tarixinin öyrənilməsinə və xalqımızın qan yaddaşının qorunub saxlanılmasına xidmət edəcək bu unikal məkanı diqqətinizə təqdim etməkdən qürur duyuram.
Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir.
Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci illərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütəfəkkirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qalmışlar.
Düşünülmüş surətdə təhlükəsizlik orqanlarında, xüsusən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən erməni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mənasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sürgünlərinə məhkum edilmiş, neçə-neçə nəsillərin ən layiqli nümayəndələri yaşayıb-yaratmaq imkanından məhrum olunmuşlar.
O illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin repressiya məngənəsi altında nə qədər say-seçmə azərbaycanlının məhv edilməsi, nə qədər Vətən övladının gələcəyinin üzərindən xətt çəkildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür. Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilmiş, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəzasına məhkum edilmişdir. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcraiyyə komitəsinin sədrləri, 57 zavod və mədən direktorları, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edilmiş, əksəriyyəti güllələnmişdir. Ümumiyyətlə, 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olmuş, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün edilmişlər.
Hörmətli tədbir iştirakçıları!
Həmin illərdə dəyərli Vətən övladlarının ən ağrılı, ən məşəqqətli günlərinin şahidi olan bu binanın milli dövlətçilik tariximizdə böyük rolu vardır. Çünki 1950-ci ildən 1969-cu ilədək Dahi Öndər Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə çalışdığı, həmin Komitəyə rəhbərlik etdiyi illərdə məhz bu binada işləmiş, Azərbaycanın gələcəyinə hesablanmış taleyüklü ideyaları bu binada düşünmüş və həyata keçirməyə başlamışdır.
Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarının milli maraqlara zidd fəaliyyətinə son qoyulmasına yönəlmiş fədakar xidmətləri nəticəsində vaxtilə şəhər sakinlərinin yanından qorxu ilə keçdikləri, azərbaycanlılara qarşı “qırmızı terror”un simvolu olan bu binada hazırda müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunulmazlığına cavabdeh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə yaratdığı Dövlət Sərhəd Xidməti yerləşir.
2005-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə döyüş bayraqlarını təqdim etməsi Azərbaycan sərhədçilərində böyük ruh yüksəkliyi yaratmışdır. Bununla yanaşı bu tədbirin daha böyük bir əhəmiyyəti də olmuşdur - müstəqil Azərbaycan Respblikasının Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş Komandanının gəlişi şərəfinə bu binanın sıra meydanında 1919-cu ildə yazılmış dövlət himninin səslənməsi ilə Vətənin azadlığı uğrunda mübarizələrinə görə, vətənpərvərliklərinə görə repressiya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çəmənzəminlinin, Salman Mümtazın, Tağı Şahbazinin, Əli Nazimin, habelə həmin dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın və digərlərinin ruhları şad olmuş və rahatlıq tapmışdır.
Möhtərəm qonaqlar! Hörmətli tədbir iştirakçıları!
Bu gün açılışını etdiyimiz “Siyasi Repressiya Qurbanları Muzeyi” Azərbaycan tarixinə və mədəniyyətinə bir sərhədçi töhfəsidir.
Əminəm ki, bu müzeyin fəaliyyətə başlaması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə xidmət edəcəkdir.
Bir daha bu əlamətdar gündə bizimlə birgə olduğumuza görə hər birinizə təşəkkür edir və deyirəm:
YAŞASIN AZƏRBAYCAN,
YAŞASIN ALİ BAŞ KOMANDAN!
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi