Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 6 nəfər Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
03 may 2019-cu il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılmışlar.
Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Nepal vətəndaşları dövlət sərhədini pozaraq İran İslam Respublikasına, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildirmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi