2019-cu ilin 01 may tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” sərhəd dəstəsinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlamış, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşmüş, xidməti və yaşayış şəraitlərinə baxış keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi