Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınmışdır.
11 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılmış, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçmışlar.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi