08.04.2019, 10:20- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq aprel ayının 5-də Şəmkir sərhəd dəstəsində ”Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhtidlərdən biri kimi” mövzusunda seminar keçirilib.

Seminardan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuşlar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahangir Əlifzadənin iştirakı ilə keçirilən seminarda dini radikalizmin və ekstremizmin təbliğat metodları, onların törətdiyi fəsadlar barədə geniş izahat olunmuş, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­larımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş və bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlərin müsbət nəticə verməsindən danışılmışdır. Eyni zamanda respublikamızda hökm sürən sabitliyi gözü götürməyən bəzi kənar qüvvələrin dəstəyi ilə din pərdəsinə bürünən cinayətkar ünsürlər tərəfindən keçən ilin iyul ayında Gəncə şəhərində ictimai asayişi pozaraq vətəndaş qarşıdurması yaratmaq cəhdləri barədə ətraflı məlumat verilmişdir. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikultura­lizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunmuşdur.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.

Tədbirin sonunda dini radikalizmin və ekstremizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80