17.07.2013- Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş “Kələxan” sərhəd komendantlığı kompleksi istifadəyə verilmişdir

          İyulun 15-də Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş “Kələxan” sərhəd komendantlığı kompleksi istifadəyə verilmişdir.

          Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Lənkəran Sərhəd Dəstəsinin komandiri polkovnik-leytenant Elşən Mirzəyev çıxış edərək əlamətdar hadisə münasibətilə şəxsi heyətə təbriklərini çatdırmışlar.

          Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti bu gün dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizin sərhəd mühafizə strukturu yaxşılaşdırılır, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələri tikilib istifadəyə verilir, sərhədçilərin yüksək səviyyədə xidmət göstərmələri məqsədilə hər cür şərait yaradılır.  

          Bildirilmişdir ki, Lerik, Lənkəran və Astara rayonlarını əhatə etməklə Azərbaycan Respublikasının qonşu İran İslam Respublikası ilə 205 kilometr məsafədə dövlət sərhədini qoruyan Lənkəran Sərhəd Dəstəsində də son illər böyük tikinti-quruculuq işləri aparılmış, sərhədçilərin xidmət və məişət şəraiti xeyli yaxşılaşdırılmışdır. “Kələxan” sərhəd komendantlığı kompleksinin tikilərək istifadəyə verilməsi bu diqqət və qayğının bariz nümunəsidir.

          Yeni sərhəd komendantlığı kompleksinin rəmzi açılışını bildirən lent kəsildikdən sonra general-leytenant Elçin Quliyev və tədbir iştirakçıları üçmərtəbəli binada yaradılmış şəraitlə tanış olmuşlar.

          Məlumat verilmişdir ki, müasir tələblərə cavab verən yeni sərhəd komendantlığı kompleksində xidməti yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün lazımi şərait yaradılmışdır.

          Komendantlığın qərargahındakı xidmət otaqları hər cür avadanlıq və vasitələrlə təmin olunmuşdur. Yüksək şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları da müasir tələblərə cavab verir.

          Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev komendantlığa məxsus texnika, silah-sursat, əşya-geyim, ərzaq-yemək, mənzil-istismar avadanlığı, avtomobillər, yanacaq-sürtkü materialları anbarları, hamam-camaşırxana ilə və digər texniki otaqlarla, kompleksin ikinci və üçüncü mərtəbələrində zabit və gizir ailələri üçün inşa edilmiş mənzillərdə yaradılan şəraitlə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, hər biri ikiotaqlı olan 16 mənzilin hamısı mebel dəstləri və lazımi məişət avadanlığı ilə təchiz edilmişdir.

          Hərbi qulluqçuların ailələri göstərilən diqqət və qayğıya, mənzillərdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

          Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar etmişdir. 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80